"İmtahan verildiyi gündən üç həftə ərzində cavablar açıqlanacaqdır" - EKSPERT RƏYİ
“İstər 2 may, istərsə də 9 mayda təşkil olunan buraxılış imtahanları, testoloji prinsipləri və şəffaflıığına görə uğurla həyata keçirildi. Biz müxtəlif sosial şəbəkələrdə bir çox abituriyentlərin fərqli fikirlərini oxuyuruq. Bu fərqli fikirlər yalnız onlara aid deyil, həm də müəllim və valideynlərin də fikirləri orada yer alır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
Onun sözlərinə görə, bu kimi fikirləri biz daha çox 9 mart tarixli imtahanla bağlı görə və eşidə bilirik: “2 mart tarixində olan imtahanda da fərqli fikirlər olsa da, demək olar ki standart idi. Əksəriyyəti sualların çətin olmadığını, əlverişli salındığını bildirmişdilər və heç bir narazılıq yaşamadığını qeyd etmişdilər. Amma bir məsələni xüsusi qeyd etmək istərdim ki, 2 və 9 mart tarixində keçirilən buraxılış imtahanları arasında sualların çətinlik fərqini deyənləri anlamaqda çətinlik çəkirəm. Bu imtahanlar eyni imtahandır. Yəni biri buraxılış, digəri isə blok imtahanı deyil. Eyni imtaha tabe olan, lakin bir yox, iki hissədə keçirilən mexnizmidir. Buraxılış imtahanlarının iki hissədə keçirilmə səbəbi budur ki, ölkədəki bütün abituriyentlərin hamısını bir gündə buraxılış imtahanına salmaq çətindir”.
Ekspert həmçinin bildirib ki, ölkə abituriyentlərinin yarısı 2 martda, yarısı isə 9 martda imtahan verdi: “Regional vahidə görə iki yerə bölünən imtahan üçün biri çətin, digəri asan sözünü işlədə bilmərik. Bu absurddur. Dövlət İmtahan Mərkəzidə bu suala aydın cavab vermiş oldu. Testologiyanın prinsipləri vardır. Burada alqoritmin göstəricilərinə görə, suallar çətinlik dərəcəsinə görə eyni cür qruplaşdırılır. Deyək ki, 15 sual varsa, asan, orta və ağır dərəcələrə görə bərabər sayda bölüşdürülür.
Biz müəllim, abituriyent olaraq səhv etməyə qorxuruq. Ona görə nəyisə günahlandırmağa çalışırıq. Buraxılış imtahanlarının nəticələri haqqında nəsə deyə bilmərik. Çünki buraxılış imtahanlarının nəticələri hələ çıxmayıb. İmtahan qaydalara görə, imtahan verildiyi tarixdən 3 həftə ərzində cavablar açıqlanacaqdır. Bu 2 mart imtahanları üçün təxminən 13 aprel, 9 mart imtahanları üçün isə təxminən 20 aprel tarixləri üçün nəzərdə tutulub. Biz artıq nəticələrdən sonra durumun necə olduğunu, 250-300 bal arasındakı nəticələrin neçə faiz olduğunu, neçə nəfərin 300 bal topladığını, 0 bal alanların isə ümumi faizini hesablayaraq buraxılış imtahanlarını təhlil edə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə