""Ayağa verilən" müəllimlər çoxdur" - ŞƏRH EDİLDİ

"Həssasiyyət dövrüdür, həssaslıq ona görə yüksək səviyyədədir ki, psixoloji gərginlik faktoru özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, uşaqlar elə tərbiyə olunub ki, kimsə uşağa bir söz deyəndə onun “şəxsi zonasına” daxil olmuş kimi hesab olunur. Bu müəllim də ola bilər, hətta valideynin özü də. Artıq tərbiyə özünü bu şəkildə göstərir. Pisdirmi, yaxşıdırmı mən bu barədə dəqiq məlumat deyə bilmərəm. Amma faktiki olaraq belədir.

Müəllim uşağa kənara çıxıb nə isə etsə, müəllimin işindən azad olunması ilə nəticələnə bilər. Bu maddə ilə özünü göstərir və müəllimin gələcəkdə iş tapma imkanı çətinləşir. Halbuki müəllim olmaq üçün çəkilən əziyyət və sonda qiymətləndirmə belə olur. Deyə bilərəm ki, müəllimlər indiki dövrdə çox məhdudlaşdırılır.

Təhsil naziri demişkən, vicdansız müəllimlər də var, amma bu azsaylıdır. Bu gün həm sadə insanlar, həm də yuxarı orqanlar tərəfindən “ayağa verilən” müəllimlər çoxdur. Hazırki dövrdə müəllim dəstəksiz qalıb, müəllim öz metodlarını tətbiq edə bilmir. Düşünürəm ki, bu proses daha ciddiyə doğru gedir. Müəllim bu gün azad deyil. Müəllim yanlış edərsə, ictimai qınağa tuş gəlir. Məhdudiyyət içərisində bir növ “başını qorumağa” çalışır.

Uşağa söz demək metodları var və bunlar fərqlidir. Mən işgəncə və təhqirin qəti əleyhinəyəm. Amma fərqli yanaşma olmalıdır, müəllim də bu fərqliliyi tətbiq etməlidir. Azərbaycan müəllimi müəyyən çərçivələr daxilində səlahiyyətini icra edir. Elə bir dövrə gəlib çatmışıq ki, artıq dəyərlərə də hörmət qalmayıb. Bunları geri qaytarmaq uzun zaman alacaq".

"MİQ və sertifikasiya imtahanı bir tərəfdən yaxşı olsa da, digər tərəfdən pisdir. Hər hansı bir qocaman müəllim, sertifikasiyadan uğur qazanmasa, ictimaiyyətdə nüfuzdan düşür. Özünü şəxsiyyət kimi alçalmış hiss edir. Müəllimlərdən çox eşitmişəm ki, uşaq müəllimə: “Sən özün də yüksək bal yığa bilməmisən” - deyib. Bununla yanaşı, uğur qazanan müəllimləri də tənə edirlər.

Düşünürəm ki, müəllim nə qədər çərçivələnirsə, bizim ziyanımızadır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə