"Hər kəsi auditoriyaya buraxmaq olmaz" - TƏNQİD EDİLDİ

"Universitetlərdə müəllim işləyə bilmək üçün ən azı magistratura pilləsini bitirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Etibar Əliyev deyib.

O bildirib ki, ona verilən məlumata və müşahidələrə görə, ali məktəblər bu prinsipi əsasən tətbiq edirlər: "Lakin mühazirə demək hüququna yalnız elmi dərəcəsi fəlsəfə doktoru və ya konkret sahələr üzrə elmlər doktorları malikdir. Çox hallarda qaydalar pozulur və hətta magistr dərəcəsi olan şəxslərə də mühazirə verməyə icazə verilir. Bu vəziyyət daha çox özəl ali məktəblərdə rast gəlinir. Diqqət yetirin ki, ölkəmizin özəl ali məktəblərində dekanlar və müəllimlərin böyük əksəriyyəti magistr dərəcəsi almış şəxslərdir. Əslində isə mütləq elmi dərəcənin olması vacibdir. Lakin istisna olaraq istedadlı və qabiliyyətli magistrlara mühazirə vermək mümkündür, amma bu, kütləvi hal almamalıdır. Söhbət qabiliyyətli şəxslərdən gedir.

Hazırda isə ali məktəblərdə müəllimlərin keçdiyi dərslərin keyfiyyətinin qiymətləndirilməsi mexanizmi bəzən mövcud deyil. Yəni hansı müəllimlərin keyfiyyətli dərs keçdiyini müəyyən etmək üçün konkret bir mexanizm yoxdur. Keyfiyyətli dərs keçmək üçün müəyyən kriteriyalar olmalıdır. Müəllim yenə də dəftərdən istifadə etməli, fənnə uyğun yeni ədəbiyyatlar təklif etməlidir. Bəzən yaşlı professorlar var ki, fəlsəfə doktorlarıdır, amma 1970-80-90-cı illərin mühazirələrini tələbələrə keçirlər. Bu, qəbul edilən bir vəziyyət deyil. Müəllimin vəzifəsi, ən yaxşı biliklərin mənbəyini tələbəyə göstərməkdir.

Bir çox hallarda isə xoşagəlməz hadisələrə rast gəlirik. Müəllimlər yalnız özlərinin yazdıqları dərsliklərdən istifadə etməyi tələbələrə tövsiyə edir və hətta başqa müəlliflərin əsərlərindən istifadə etməyi qadağan edirlər. Bu, yolverilməz bir yanaşmadır. Müəllim, tələbəyə ən yaxşı dərslikləri təqdim etməli, onlardan referatlar yazmağı tələb etməli və onların diqqətinə çatdırmalıdır".

"Digər bir məsələ isə, hazırda Azərbaycan universitetlərində magistr dərəcəsinin müdafiəsi ilə bağlı ciddi problemlərin olmasıdır. Fəlsəfə doktoru elmi adının verilməsi istiqamətində də çox ciddi problemlər mövcuddur. Ali Attestasiya Komissiyasının hesabatına baxsanız, yüzlərlə işin ləğv olunduğunu və geri qaytarıldığını görərsiniz. Hətta bəzən geri qaytarılan işlərdən sonra həmin şəxslərə alimlik dərəcəsi verilir. Bu məsələdə çox ciddi bir mexanizm işlənməlidir.

Bir də görürsünüz ki, bir tədbirdə, diskusiyada iştirak edən gənc insanlar var, hamısı elmlər doktorudur, amma nə kitabxanada olub, nə də tədqiqat aparıblar. Bu, aydın şəkildə göstərir ki, çoxu saxta alimlərdir. Onların keçdiyi dərslər ilə magistrlarin keçdiyi dərslər arasında heç bir fərq yoxdur. Mənim təklifim isə, ali məktəblərdə müəllim seçiminin çox ciddi prosedurlar əsasında həyata keçirilməsidir. Hər kəsi auditoriyaya buraxmaq olmaz. Müəllimin mədəni qabiliyyəti, bilikləri və dissertasiyasının mövzusu mütləq nəzərə alınmalıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə