"Elə bilirlər ki, uşaq hazırlığa gedəndə mütləq bilikli olur" - EKSPERT FİKRİ

"Bir sıra inkişaf etmiş ölkələrdə müəyyən siniflərə qədər uşaqlardan test formasında cavab tələb etmirlər. Bu, təhsilin standartları ilə uyğunlaşan məsələdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, ibtidai sinifdə təhsil alan şagirdlərin hazırlığa getməsi birmənalı deyil: "Burada əsas iki amil nəzərə çarpır. Birincisi psixolojidir, "qonşudan geri qalma" prinsipi, "filankəsin uşağı hazırlığa gedirsə, mənimki niyə getməsin?" düşüncəsi. Elə bilirlər ki, uşaq hazırlığa gedəndə mütləq bilikli olur. Bu, hər zaman belə deyil. Hələ xüsusən də ibtidai siniflərdə.

İkincisi isə ehtiyac amilidir. Ehtiyac amili dedikdə, bu gün tapşırıqların qəliz olması, orta məktəbdə kifayət qədər öyrədilə bilməməsi, uşağın digərlərindən geri düşməməsi üçün valideyn əlavə hazırlığa göndərməli olur. Hər uşaqda qavrama eyni olmur. Sinifdə hamı eyni formada qavramır. Buna görə də müəyyən qədər çətinlik yaşadığına görə uşağı hazırlığa qoyurlar. Az hallarda burada müəllimin də marağı olur. Şagirdi onun əlavə hazırlığa gəlməsini sanki məcbur edir. Təbii ki, bu, etik deyil.

Şagird sayı normadan çox olan, habelə şagird sayı az olduğundan birləşdirilən siniflərdə də keyfiyyət ürəkaçan olmur. Belə məktəblərin rasionallaşdırılması həyata keçirilir. Son tədris ilində şagird sayı 10-dan az olan 142 belə məktəb rasionallaşdırılıb. Rasionallaşdırılması hissə-hissə həyata keçirilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə