"Məktəblinin dostu" kimdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"“Məktəblinin dostu” layihəsi Azərbaycanda məktəblilərin sağlam psixoloji inkişafını dəstəkləmək, onların təhlükəsiz və sağlam məktəb mühitində inkişaf etmələrinə kömək etmək məqsədini daşıyan bir proqramdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, bu layihə, ümumilikdə məktəblilərin psixoloji sağlamlığını dəstəkləmək və məktəb mühitindəki sosial əlaqələri yaxşılaşdırmaq məqsədi daşıyır: "“Məktəblinin dostu” məktəbdə şagirdlərin sosial və psixoloji problemlərini dinləyib, onlara uyğun dəstək göstərməlidir.

Məktəblilər arasında zorakılığın azaldığı, qarşılıqlı anlaşmanın artdığı və şagirdlərin daha yaxşı emosional dəstək aldığı bildirilir. Bu layihənin effektivliyi, məktəblinin dostu olaraq təlim keçmiş şəxslərin peşəkar yanaşmasına və layihənin məktəb daxilində doğru şəkildə tətbiqinə bağlıdır.

“Məktəblinin dostu” layihəsində fəaliyyət göstərən əməkdaşların təcrübəli olmaları və onların sosial və psixoloji problemlərini həllinə yönəlik yanaşmaları tətbiq edə biləcək peşəkar bilik və bacarığa sahib olmaları o qədər də inandırıcı görünmür.

“Məktəblinin dostu” seçilərkən təcrübəli və peşəkar namizədlər arasından seçilməsi daha effektiv olar.
Sinif rəhbəri öz sinfində təhsil alan şagirdləri üçün dəstək və müntəzəm izləmə mexanizmləri üzərindən işi qurması daha effektiv olar.

Təəsüf ki, məktəblərdə sinif rəhbəri üçün ödənilən ödəniş o qədər azdır ki, məktəbdə işləyən müəllimlər sinif rəhbəri kimi işləmək istəmir. Belə görünür ki, şagirdlərin sosial və psixoloji problemlərini dinləyib, onlara uyğun dəstək göstərmə işini sinif rəhbərləri əvəzinə “məktəblinin dostu” layihəsi öz üzərinə götürür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə