Ölkəmizdə elmi məqalələrin sayı niyə azdır? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Elmi məqalələri yazanlar adətən universitet müəllimləri, gənc alimlər, araşdırmaçılardır. Düşünürəm ki, elmi məqalələrin sayının az olması birbaşa həmin şəxslərin vaxtının kasad olmasından irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, onların elmi məqalə hazırlaması üçün kifayət qədər vaxtları yoxdur. Onlar elmi məqaləyə sərf edəcəyi vaxtı işləməlidir ki, əməkhaqqı ala və ya əlavə maddi qazanc əldə edə bilsin. Bir sözlə, elmi məqalələrin sayının az olması universitet müəllimlərinin, gənc alimlərin maddi imkansızlığı ilə əlaqələndirilir".

"Hesab edirəm ki, buna da həll yolu tapmaq olar. Elmi məqalə yazmaq istəyən tədqiqatçıların, alimlərin bu istəyini nəzərə alıb, onlar üçün müəyyən şərait yaratmaq olar. Məsələn, onların dərs saatlarını maksimum günorta 3-ə kimi etsələr, həmin vaxtdan sonra bu şəxslər araşdırma edə, elmi məqalə yaza bilərlər. Belə olduğu təqdirdə onların elmi məqalə yazacaqları istiqamətdə inkişaf əldə oluna bilər. İqtisadi, siyasi və ya təhsil sahəsində uğur əldə etmək üçün onlara imkan yaratmaq vacibdir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə