Azərbaycan universitetləri reytinq cədvəlində niyə aşağıdadır? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Çox təəssüf ki, Azərbaycan universitetləri beynəlxalq reytinq cədvəlində heç də yaxşı yerdə qərarlaşmır. Hətta çox az sayda universitetimiz var ki, onlar beynəlxalq reytinq cədvəlində yer tuta bilirlər. Diqqət yetirdikdə görürük ki, bunun əsas səbəblərindən biri müəllimlərin elmi araşdırmalar, məqalələr üçün kifayət qədər vaxtlarının olmamasıdır. Müəllim düşünür ki, əgər elmi araşdırmaya bu qədər çox vaxt ayırmaq dərs saatının az olması deməkdir. Dərs saatının az olması da sözsüz ki, birbaşa maaşa təsir göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, dolanışığının az olmaması üçün müəllim normal iş saatından sonra belə kurslarda, hazırlıqlarda dərs keçir: "Hesab edirəm ki, universitetlərdə bu problem aradan qalxmalıdır. Ümumiyyətlə, müəllim üçün məhdud iş saatı tətbiq edilməməlidir. Müəllimə elmi araşdırmalar üçün şəraitin yaradılması həm reytinq cədvəllərində universitetlərimizin yüksək pillələrdə yer almasına səbəb ola bilər, həm də dövlətimiz adına yaxşı nəticələr əldə edərik. Bundan əlavə, bildiyiniz kimi beynəlxalq reytinq cədvəllərində yalnız məqalələr deyil, universitetdə dərs keçən professor sayları, xarici müəllimlərin və tələbələrin sayı da diqqətə alınır".

Təhsil eksperti sözlərinə davam edərək qeyd edib ki, əsas nüanslardan biri Azərbaycanda elmi dərəcə almağın çətin məsələ olmasıdır: "Düşünürəm ki, bunu biraz daha asanlaşdırmaq lazımdır. Doğrudur, hər istəyənə elmi dərəcə vermək olmaz. Sadəcə olaraq bu prosesin sənədləşdirmə və prosedur qaydalarını asanlaşdırmaq problemin aradan qalxmasına kömək edə bilər. Çünki Azərbaycanda elmi ad ala bilməyən gənc alimlərimiz var ki, onlar dünyanın təhsil sahəsində top ölkələrində rahatlıqla elmi dərəcə ala bilirlər. Bu o demək deyil ki, Azərbaycanın təhsil sistemi digər ölkələrinkindən daha yüksəkdir. Sadəcə olaraq bizdə bürokratik əngəllər var ki, onlar da aradan qalxsa təhsilin səviyyəsi kifayət qədər yüksək olar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə