Qırmızı diplom alanlara hansı güzəştlər tətbiq oluna bilər? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Hesab edirəm ki, qırmızı diplom alan şəxslərə edilə biləcək güzəştlər barədə çox düşünmək lazımdır. Çünki hər qırmızı diplom almış şəxs üçün güzəşt tətbiq etmək sonda təhsil sahəsində mənfi hallara gətirib çıxara bilər. İndiki halda bununla bağlı ağlımda iki təklif var". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

O bildirib ki, bunlardan biri necə ki subbakalavrlar 200 bal topladıqda tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzində qəbul imtahanlarında iştirak etmədən ixtisas seçiminə qatıla bilirlər, eynilə də qırmızı diplom alan bakalavr məzunlarının magistr imtahanında müəyyən bal ilə təmin oluna bilməsidir: "Həmçinin, bakalavr və magistr diplomu qırmızı olanların dövlət qulluğuna birbaşa qəbuluna icazə verilə bilər. Təbii ki, onlar yenə də müsahibə mərhələsində iştirak etməlidirlər. Çünki bilirik ki, bəzən vəzifəli şəxslərin tanışı olan tələbələrə bir o qədər biliyə malik olmasalar da, bütün qiymətləri əla yazılır və onlar qırmızı diplom alırlar. Yəni, imtahandan azad olunaraq sadə bir müsahibə ilə qırmızı diplom alanların dövlət qulluğuna uyğun olub-olmadığını müəyyən etmək olar. Hesab edirəm ki, bu güzəştlər tətbiq olunsa, ədalətsizlik prinsipi pozulmamış olar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə