"Belə bir fikir ortaya atılsa belə..." - İQTİSADÇI AÇIQLADI

"Avropanın Rusiyaya aid enerji resurslarından imtina etməsi nə yaxın, nə də uzaq perspektivdə mümkün deyil. Bugünkü gündə qaz təminatı nöqteyi-nəzərindən Avropanın Rusiyadan asılılığı 35% idxal baxımından 45%, neft nöqteyi-nəzərdən isə təxminən 25%-dir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bu qədər böyük bazar payının əvəz olunması uzunmüddətli səy tələb edir: "Siyasi cəhətdən bununla bağlı çıxışlar olsa da, iqtisadi vəziyyət bu çıxışların əksini göstərir. Ona görə də hələ uzun müddət ərzində Avropa enerji balansında Rusiya çox önəmli yer tutacaq".

İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, hər hansısa böyük alıcı olmayan ölkələr Rusiya enerji resurslarından imtina edib, alternativ mənbələrdən istifadə edə bilər: "Amma düşünürəm ki, böyük Rusiya enerji resurslarının alıcısı olan dövlətin imtina etməsi sadəcə ictimaiyyəti çaşdırması prosesindən başqa bir şey deyil. Belə bir fikir ortaya atılsa belə, üçüncü bir dövlət vasitəsilə enerji resursları yenə də Rusiyadan əldə olunacaq. Bununla da həmin dövlətlər bəyan edəcək ki, əldə etdikləri Rusiya resursları deyil. Amma reallıq bizə Avropanın Rusiya enerji resurslarından asılılığının çox uzun müddət davam edəcəyini deməyə imkan verir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə