Buğda əkini sahələrinin genişləndirilməsinə ehtiyac var - SORĞU

"Rusiya-Ukrayna müharibəsinin bir çox sahələrə, o cümlədən, kənd təsərrüfatı məhsulunun istehsalında olan həcmlərin azalmasına təsiri var. Bununla bağlı Azərbaycanda qıtlıq yaranması fikri ilə razı deyiləm". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün ciddi tədbirlər sistemli şəkildə həyata keçirilir: "Anbarların qalıq ehtiyatlarının mütəmadi olaraq İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqi baş tutur. Ərzaq təhlükəsizliyində rol oynayan məhsulların birmənalı olaraq ixracı dövlət tərəfindən tənzimlənir. Rusiya ilə ölkənin taxıla olan ehtiyacının təxminən 55%-i ödənir. Ehtiyacın qalan 45%-i isə idxal hesabına ödənir. İdxalın da böyük hissəsini ərzaqlıq buğda təşkil edir. Ərzaqlıq buğdanın isə 75%-i idxal hesabına ödənir. Bunun da böyük hissəsi Rusiyanın payına düşür". İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident ötən gün keçirilən müşavirədə söylədiyi kimi idxaldan asılılığın azaldılması üçün işğaldan azad edilmiş ərazilərimizdə buğda əkini sahələrinin genişləndirilməsinə ehtiyac var: "Düşünürəm ki, mina təmizləmələrindən dərhal sonra bu proses sürətlə artacaq. Həmin əkin sahələrinin artırılmasına qədər Rusiyadan olan idxal asılılığının Qazaxıstanla əvəzlənməsi prosesi gedir. Alternativ istiqamətlərin tapılması, idxalın həyata keçirilməsi prosesi ilə yanaşı, ölkənin taxıl ehtiyatı da kifayət qədərdir".

İqtisadçı Natiq Cəfərli də məsələ ilə bağlı münasibət bildirib: "Azərbaycanın əmtəəlik buğdaya olan tələbatının böyük bir hissəsi Rusiya tərəfindən ödənilir. İndi Rusiya taxıl satışına qadağa qoyub. Bununla da müəyyən problemlər yaşanır. Lakin Azərbaycanın özünün də təxminən 250 günlük taxıl ehtiyatı mövcuddur. Mart-aprel aylarında Qazaxıstanla da danışıqlar intensivləşdi. Son məlumatlara əsasən, keçən ilin I rübünə nisbətən Qazaxıstandan taxıl idxalı 30 dəfə artıb. Bu da ərzaq təhlükəsizliyi və ehtiyat artımı nöqteyi-nəzərindən pozitiv addımdır. Bundan başqa Hindistan ilə də danışıqlar gedir. Yaxın zamanlarda Hindistandan taxıl ehtiyatının əldə olunması gözlənilir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə