Əmək bazarında ən çox tələb olunan ixtisaslar hansılardır? - EKSPERT DANIŞDI
"Son illər dünya iqtisadiyyatı sürətlə rəqəmsallaşır. Bu baxımdan süni intellekt, avtomatlaşdırma və yeni texnologiyalar bir çox ənənəvi peşələri dəyişir. Artıq şirkətlər daha çox analitik düşüncəyə, texnoloji biliklərə və məlumatların idarə olunması bacarıqlarına sahib mütəxəssislərə üstünlük verirlər".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "Bu proses yalnız inkişaf etmiş ölkələrdə deyil, bütün dünyada əmək bazarının strukturunu dəyişir. Qlobal tendensiyalara baxsaq, ən çox tələb informasiya texnologiyaları, səhiyyə və mühəndislik sahələrindədir. Xüsusilə proqramçılar, məlumat analitikləri, kibertəhlükəsizlik mütəxəssisləri və süni intellekt mühəndisləri yüksək tələb görür. Bundan əlavə, enerji keçidi səbəbindən alternativ enerji və mühəndislik sahələrində də kadr ehtiyacı sürətlə artır.
Əvvəlki illərdə mövcud olan bəzi iş yerlərinin azalması mümkündür. Xüsusilə rutin və təkrarlanan işlərin avtomatlaşdırılması ehtimalı yüksəkdir. Keçən ay Microsoft şirkətinin süni intellekt departamentinin rəhbəri Mustafa Süleyman bildirmişdir ki, “white-collar” (kompüter qarşısında görülən) işlərin böyük hissəsi yaxın 12-18 ay ərzində süni intellekt tərəfindən avtomatlaşdırıla bilər. Bu sahələrə misal kimi hüquqşünaslıq, mühasibatlıq, marketinq, layihə idarəetməsi, analitik və ofis işlərini göstərmək olar. Onun ifadəsinin məğzi ondan ibarətdir ki, süni intellekt artıq insan səviyyəsində peşəkar tapşırıqları yerinə yetirməyə yaxınlaşır.
Şirkətlərdə də bir çox proses - müqavilə yazmaq, maliyyə hesabatlarını analiz etmək və məlumat toplamaq - süni intellekt tərəfindən idarə oluna bilər. Lakin bir çox ekspertlər bunun əksini düşünür. Onlar hesab edirlər ki, 18 ay çox optimist proqnozdur. Süni intellekt daha çox insanların işini dəyişəcək, məhsuldarlığı artıracaq, amma insanların işini tam əvəz etməyəcək.
Məsələn, bəzi ofis və inzibati vəzifələr gələcəkdə süni intellekt sistemləri tərəfindən yerinə yetirilə bilər. Lakin eyni zamanda yeni peşələr də yaranacaq. Bu peşələrə software developer (proqramçı), data scientist (məlumat analitiki), kibertəhlükəsizlik mütəxəssisi, süni intellekt mühəndisi və cloud engineer kimi ixtisasları göstərmək olar.
Tarix göstərir ki, texnoloji inqilablar iş yerlərini tam yox etmir, onları dəyişdirir. Dünya əhalisi yaşlandıqca səhiyyə sahəsində çalışanlara ehtiyac artır. Belə ki, həkimlərə, tibb bacılarına, laborantlara, fizioterapevtlərə və tibbi texnologiya mütəxəssislərinə böyük ehtiyac yaranır.
Azərbaycanda bərpa olunan enerji stansiyalarına və infrastruktura yatırılan böyük investisiyalar mühəndislik ixtisaslarına tələbin artmasına səbəb olub. Bu sahədə ən çox tələb olunan ixtisaslar inşaat mühəndisi, elektrik mühəndisi, enerji mühəndisi və sənaye mühəndisidir. Şirkətlər qərar vermək üçün data analizi və maliyyə strategiyası üzrə mütəxəssislərə daha çox ehtiyac duyur. Risk manager, business analyst və investisiya analitiki kimi ixtisaslara da yüksək tələbat var.
Yekun olaraq demək lazımdır ki, ən vacib məsələ daim öyrənməkdir. Müasir dövrdə bir peşə ilə bütün həyat boyu işləmək modeli artıq dəyişir. İnsanlar yeni bacarıqlar qazanmalı və texnologiyalarla işləməyi öyrənməlidirlər. Xüsusilə analitik düşüncə, proqramlaşdırma bilikləri və xarici dillər gələcək əmək bazarında böyük üstünlük yaradacaq.
Bu baxımdan gələcəyin əmək bazarı daha çox bilik və innovasiya üzərində qurulacaq. Rəqəmsal iqtisadiyyat genişləndikcə yüksək ixtisaslı mütəxəssislərə tələbat artacaq. Eyni zamanda çevik işləmə formaları, uzaqdan iş və layihə əsaslı əmək münasibətləri daha geniş yayılacaq. Bu dəyişikliklərə uyğunlaşan ölkələr və insanlar iqtisadi baxımdan daha uğurlu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB