Azərbaycanda kredit və ipoteka faizləri hələ də yüksək olaraq qalır. Bu, vətəndaşların mənzil sahibi olmasını çətinləşdirir, sahibkarların isə biznesə çıxışını məhdudlaşdırır. Kredit və ipoteka faizləri niyə bu qədər yüksəkdir? Banklar faizləri niyə azaltmaq istəmir?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, ipoteka kreditləri dövlətin verdiyi ipoteka kreditləri və kommersiya banklarının öz resursları ilə verdiyi ipoteka kreditləri olmaqla iki hissəyə bölünür.
Onun sözlərinə görə, hər ikisi kommersiya bankı vasitəsilə verilir, amma birində İpoteka Fondu pulu verir, digərində isə bank öz vəsaitindən istifadə edir: "İpoteka Fondu vasitəsilə verilən kreditlərdə faiz artımı yoxdur. Dövlət qanunla müəyyən edib ki, bu faizlə veriləcək. Bu kreditlər baha deyil, normaldır: güzəştli kreditlər 3–4 faiz, kommersiya kreditləri 7–8 faizdir. Bu faizlər hazırkı dövr üçün münasibdir. Məsələn, ABŞ-da da ipoteka kreditləri 6–7 faizdir. Amma kommersiya banklarının öz vəsaitləri ilə verdiyi kreditlərdə faizlər bahadır və bu artmaqda davam edir. 3–4 il əvvəl 7–8 faizlə kredit tapmaq mümkün idi, indi isə 11–14 faiz aralığında dəyişir. Hətta biznes kreditlərində də 3 faizdən çox artım var. Uzun illərdir deyirik ki, faizlər çoxdur, amma hökumət də, deputatlar da bununla bağlı tədbir görməyib, əksinə, faizlər qalxıb.
Niyə bizdə faizlər yüksəkdir? Çünki iqtisadiyyatımız risklidir. İqtisadiyyatın dayanıqlılığı zəifdir və bu, investor üçün risk deməkdir. Riskli ölkələrdə isə pul bahadır. Məsələn, sizdə pul olsa, onu ABŞ dolları ilə 4 faizə yerləşdirmək daha təhlükəsiz görünür, nəinki Azərbaycanda manata. Banklar pulu insanlardan cəlb edir və riskli şəraitdə ucuz pul tapmaq çətindir. Ona görə də faizlər aşağı düşmür. Faizlərin artması məsələsi birbaşa Mərkəzi Bankın siyasətindən qaynaqlanır. Məcburi ehtiyat normaları artırıldı. Əvvəllər bu normativlər 0,5–2 faiz idi, indi isə 20–25 faizə çatdırılıb. Bu o deməkdir ki, banklar 100 manatlıq depozitin 20–25 manatını Mərkəzi Bankda saxlamaq məcburiyyətindədir. Bu da pulu avtomatik bahalaşdırdı. Həmçinin, cari hesab qalığına da faiz hesablanmağa başladı. Əvvəl bankların faizsiz istifadə edə bildiyi vəsait indi xərcə çevrilib. Depozit faizləri artdıqca, bankların kreditə verdiyi faizlər də artır".
Bütün xəbərlər Facebook səhifəmizdə