XRİTDX əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib. SİA xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

“2020-ci ildə Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dövlət informasiya ehtiyatlarında əlçatanlıqla bağlı yeni bir tələb əlavə olunub. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi əsasında olub. Həmin tələbə uyğun olaraq dövlət qurumları öz informasiya ehtiyatlarında əlillər üçün əlçatanlıq menyusu tətbiq etməlidirlər. Bəzən bu modul xarici veb-saytlardan müxtəlif plaginlərin istifadəsi ilə həyata keçirilirdi. Ancaq kənar kodların dövlət saytlarında istifadəsi və çağırılması təhlükə yaratdığından, bu xidməti artıq XRİTDX tərəfindən təqdim edilir. Bu plagin çox rahat istifadə oluna bilən kiçik addımlardan ibarətdir”, - deyə Tural Məmmədov bildirib.

Bu il Azərbaycanda “Ağıllı Şəhərlərdə Kibermüharibə” tədbiri keçiriləcəyini də sözlərinə əlavə edən T.Məmmədov bu yarışı “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbirinin davamı olaraq baş tutacağını bildirib: “Bilirsiniz ki, artıq texnoloji inkişaf ağıllı evlər, ağıllı şəhərlər konsepsiyasını gündəmə gətirir və bizim də bu iki yarışdakı əsas konseptual yanaşmamız ““Ağıllı şəhərlərdə” kibermüharibə necə olur?”, “Bundan necə qorunmaq lazımdır?” və “Bu müdaxiləyə necə hazırlıqlı olmalıyıq?” kimi mövzuları araşdırmağı zəruri edir”, - deyə T.Məmmədov əlavə edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış oktyabrın 26-27-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə