Azərbaycan GSAI layihəsi çərçivəsində keçirilmiş növbəti tədbirə qatılıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının İnkişaf Təşəbbüsünün (INTOSAI IDI) “Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü” layihəsi çərçivəsində növbəti onlayn tədbirdə iştirak edib. SİA bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə çıxış edən V.Gülməmmədov ötən il layihə çərçivəsində görülmüş əsas işlərə toxunub. O Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun aparılan qiymətləndirilmənin nəticələri və strateji idarəetmə təcrübəsinə əsaslanaraq Palatasının həmkar AAO-ya strateji planın və əlaqəli sənədlərinin (əməliyyat planı və monitorinq çərçivəsi) hazırlanması üçün nəzəri və praktik tövsiyələr təqdim etdiyini, bu sənədlərin layihəsinin IDI-ın mövcud metodologiyasından irəli gələrək strateji idarəetmə çərçivəsinə uyğunluğuna münasibət bildirildiyini, çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verildiyini qeyd edib.

Tədbirdə Azərbaycanla yanaşı Tacikistan AAO-nun rəhbəri Camşed Karimzoda, Gürcüstan AAO-nun sədr müavini, IDI-ın, İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA) və digər beynəlxalq təşkilatların nümayəndələri də çıxışlar ediblər.

Layihə çərçivəsində Hesablama Palatası Tacikistanın eyni adlı qurumunun fəaliyyətini qiymətləndirən və strateji idarəetmə çərçivəsinin təkmilləşdirilməsinə, o cümlədən strateji planın, illik əməliyyat planlarının və monitorinq sisteminin qurulmasına dəstək verən həmkar ali audit orqanı olaraq seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə