Hesablama Palatası daha 3 nəzarət tədbirinin nəticələrini təsdiq edib

Hesablama Palatasında daha 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri üzrə auditor hesabatları, həmçinin bu ilin İş Planı üzrə bəzi nəzarət tədbirlərinin proqramları müzakirə edilərək təsdiq olunub. SİA bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda həmçinin ötən ilin İş Planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə dair Palatanın kollegiyasının qəbule etdiyi qərarların icra vəziyyətinə dair məlumat təqdim edilib. Qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib.

Bununla yanaşı, Kollegiyanın sədri bəzi qərarların qismən icra edilmiş və icra edilməmiş bəndləri üzrə izlənilmənin davam etdirilməsinə, qanunvericiliyin tələbləri nəzərə alınmaqla tam icra edilməyən bəndlər üzrə işlərin sürətləndirilməsi üçün kənar dövlət maliyyə nəzarəti obyektlərinə məlumatların təqdim edilməsinə, aidiyyəti dövlət orqanlarına səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə müvafiq məktubların göndərilməsinə, həmçinin müvafiq məsələdən irəli gələrək digər fəaliyyətlərin həyata keçirilməsinə dair kollegiya üzvlərinə tapşırıqlar verib.

Eyni zamanda, iclasda “Hesablama Palatası haqqında” qanunun 37-ci maddəsinə uyğun olaraq nəzarət tədbirlərinin nəticələri barədə məlumatların rəsmi internet səhifədə yerləşdirilməsi ilə bağlı fəaliyyətin davam etdirilməsi təklif olunub. Kollegiya üzvləri Palatanın Kommunikasiya Strategiyasına uyğun olaraq dövlət auditi portfeli üzrə məlumatlılığın artırılmasının, bu sahədə şəffaflığın yüksəldilməsinin audit obyektlərinin fəaliyyətinə töhfəsinin olduğunu, həmçinin bunun maliyyə intizamlılığına xidmət edən preventiv mexanizm olduğunu bildiriblər.

İclasda, həmçinin gündəlikdə yer alan cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə