Azı 25 Vt gücə malik olan elektrik közərmə lampaları ilə bağlı cərimələr müəyyənləşir

Azərbaycanda 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və yaxud satışına görə cərimələr müəyyənləşir. SİA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Məcəlləyə əlavə edilmiş yeni maddəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata, hüquqi şəxslər 3 000 manatdan 4 000 manata qədər cərimə edilir.

Həmçinin, daha bir dəyişikliklə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata, hüquqi şəxslər 4 000 manatdan 5 000 manata qədər cərimə edilir.

Dəyişikliklər 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə isə gələn il iyulun 1-dən qüvvəyə minir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentin müzakirəsinə təqdim edilmiş "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsindən irəli gəlir. Belə ki, həmin sənədlə istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən müxtəlif gücə malik olan elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Qeyd edilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinə müvafiq normaların əlavə edilməsi və texniki xarakterli bəzi dəyişikliklərin edilməsi təklif edilir. Eyni zamanda sanksiyalaşdırılması təklif olunan inzibati xətalar üzrə işlərin baxılması aidiyyəti müəyyənləşdirilərək, həmin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqan qismində rayon (şəhər) məhkəmələrinin olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə