Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib. SİA-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən dəyər ifadəsində 971 dəfə, kəmiyyət olaraq – 507 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Avstraliyadan 1 milyard 452 milyon ABŞ dolları dəyərində 18 158 kiloqram (4 il 3 aydan sonra tədarük bərpa edilib), Amerika Birləşmiş Ştatlarından 1 milyard 57 milyon ABŞ dolları dəyərində 12 913 kiloqram (4 il 6 aydan sonra tədarük bərpa edilib), Meksikadan 171,22 milyon ABŞ dolları dəyərində 2 012 kiloqram, Qazaxıstandan 169,1 milyon ABŞ dolları dəyərində 1 919 kiloqram, Rusiyadan 160,63 milyon ABŞ dolları dəyərində 1 985 kiloqram qızıl alıb.

Ötən il Azərbaycan 10 ölkədən qızıl idxal edib. Son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksika, Qazaxıstan və Rusiyadan tədarük həyata keçirilib.

Azərbaycan 2024-cü ildə 212 milyon ABŞ dolları dəyərinə (+30 %) 4 272 kiloqram (+15 %) qızıl ixrac edib.

Ötən il İsveçrəyə 211,76 milyon ABŞ dolları dəyərində (+30 %) 4 270 kiloqram (+15 %) və Birləşmiş Ərəb Əmirliklərinə 150 min ABŞ dolları dəyərində 2 kiloqram (bir il əvvəl tədarük olmayıb) qızıl satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə