“Business Ready” qiymətləndirilməsi zamanı özəl sektorun vergitutma üzrə təklifləri nəzərə alınacaq

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. SİA bu barədə DVX-ya istinadən xəbər verir.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərin nəticələri və cari il ərzində icrası nəzərdə tutulan tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

DVX-nin rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına 2024-cü ildə “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər, Dünya Bankının müvafiq anket sorğusu barədə məlumat verib. Bildirib ki, 2025-ci ildə bu sahədə davam etdirilən işlər daha intensiv şəkildə həyata keçirilməlidir.

Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev komissiya tərəfindən 2024-cü il ərzində görülmüş işlər, Dünya Bankının təqdim etdiyi “Business Ready” hesabatında qiymətləndirmə zamanı tətbiq ediləcək metodlar, hesabatın “Vergitutma” indikatoru üzrə sorğu vərəqəsinə dair tələblər barədə məlumat verib.

İclas iştirakçıları 2025-ci ildə nəzərdə tutulan tədbirləri müzakirə edərək bu prosesdə özəl sektorun təkliflərinin nəzərə alınmasını, sahibkarların ictimai birlikləri ilə görüşlərin intensivləşdirilməsinin zərurətini vurğulayıblar. DVX rəisinin müşaviri, Vergi ombudsmanı Elçin Məmmədov komissiyanın iclaslarının özəl sektorun iştirakı ilə keçirilməsinin vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və “Business Ready” hesabatında Azərbaycanla bağlı qiymətləndirmələrin obyektivliyi baxımından mümüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İclasda özəl sektor nümayəndələrinin təklifləri müzakirə edilib, vergi yükü və vergi güzəştləri ilə bağlı suallar cavablandırılıb.

Tədbirdə Prezident Administrasiyasının, DVX-nın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Auditorlar Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də işçi qrupa daxil olan bir sıra ictimai birliklərin, biznes assosiasiyalarının və konsaltinq şirkətlərinin, özəl sektorun nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə