“Azərişıq” 45 enerjidoldurma məntəqəsi quraşdırıb

“Azərişıq” ASC-nin son illərdə həyata keçirdiyi ən uğurlu layihələrdən biri ekoloji baxımdan faydalı olan elektromobillərin istifadəsinin təşviq edilməsidir. SİA xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sahədə son bir il ərzində, xüsusən 2023-cü ilin noyabrın 11-22-i tarixlərində ölkədə keçirilən COP-29 iqlim konfransı ərəfəsində ciddi addımlar atılıb.

“Paytaxtda, regionlarda, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılıb və dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Hazırda Bakı və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda isə 15 EDM fəaliyyət göstərir”, - deyə A.Məmmədzadə bildirib.

O əlavə edib ki, Qusar şəhərində, Şahdağ istirahət kompleksi yolunda 60 kVt gücündə EDM məntəqəsinin quraşdırılması yekunlaşıb və hazırda proqram təminatına inteqrasiya prosesi həyata keçirilir.

“Görülən işlər təkcə elektromobillərin istifadəsinin genişləndirilməsinə deyil, həm də alternativ enerji mənbələrinin inkişafına töhfə vermək məqsədi daşıyır”, - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə