BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan neft hasilatı əmsalını maksimum səviyyəyə çatdırmaq üçün işləri gücləndirməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisində bildirib.
"BP və onun tərəfdaşları artıq Xəzər regionunun neft-qaz ehtiyatlarının işlənməsinə təxminən 85 milyard ABŞ dolları investisiya yatırıb. AÇG yatağından indiyədək təxminən 4,4 milyard barel neft hasil edilib. Yataqdan neft hasilatını maksimuma çatdırmaq üçün bütün səylərimizi davam etdirməyi planlaşdırırıq. Bizim məqsədimiz təkcə mövcud infrastrukturu qorumaq deyil, həm də uzunmüddətli dayanıqlılığı təmin edərək onu fəal şəkildə inkişaf etdirməkdir", - o vurğulayıb.
R.Morris xatırladıb ki, "Şahdəniz" yatağı gündəlik təxminən 550 min barel neft ekvivalenti, AÇG isə gündə 340-345 min barel neft hasil edir.
"2010-cu ildə pik həddində AÇG-dən hasilat gündəlik 823 min barel təşkil edib. Bu, həqiqətən dünya səviyyəli yataqdır. Biz yeni texnologiyalar və innovativ yanaşmalar tətbiq edərək buradan neft hasilatını maksimuma çatdırmaq üçün yollar axtarmağa davam edirik", - o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə