Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib. KOBİA-dan SİA-ya bildirilib ki, fevralın 25-27-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2-ci Məkkə Halal Forumu keçiriləcək.
Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır.
“Halal dayanıqlı inkişaf” mövzusuna həsr olunacaq forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır. İlk dəfə 2024-cü ildə keçirilən və 120 ölkədən 6000 iştirakçının qatıldığı forumda Azərbaycan fəal iştirak edib.
Məkkə Halal Forumunun imkanları: Halal bazarına maraq göstərən liderlərin bir araya gəlməsi, “B2B” görüşlər ilə biznes əlaqələri qurmaq, halal məhsul və xidmətləri nümayiş etdirmək .
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə forumun sərgi hissəsində Azərbaycan pavilyonu qurulacaq. Bu pavilyon ölkəmizin halal məhsul və xidmətlərini dünya bazarına tanıtmaq üçün geniş imkanlar yaradacaqdır. Azərbaycan sahibkarları forumda iştiraka və sərgidə məhsullarını təqdim etməyə dəvət olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə