"Forum Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Davos İqtisadi Forumu bütövlükdə dünyanın iqtisadiyyat dilinə yekun vurulması və növbəti ilin iqtisadi perspektivlərinin planlaşdırılması forumudur". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: "Bu baxımdan dünya ilə kifayət qədər geniş iqtisadi əlaqələri olan Azərbaycan üçün bu forum çox böyük əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan hazırda müqavilələr çərçivəsində Avropaya neft satır, qaz satır, müxtəlif ölkələrə qeyri-neft məhsulları ixrac edir. Yəni, Azərbaycanın dünya bazarının iştirakçısı kimi bu beynəlxalq perspektiv iqtisadi planlaşmada iştirakı çox vacib məsələlərdən biridir.

Bilirsiniz ki, Azərbaycanda dövlət həm də iqtisadi fəaliyyətlə məşğuldur. Əslində Davos forumuna dövlət başçılarından daha çox beynəlxalq şirkətlərin rəhbərləri, dünyada tanınmış iş adamları gəlirlər. Amma məsələ burasındadır ki, bizdə Azərbaycan hökuməti özü də iqtisadi fəaliyyətlə məşğuldur. Bəzi ölkələr bundan çox məhdud şəkildə məşğuldur. Amma Azərbaycan hökuməti iqtisadiyyatla, iqtisadi proseslərlə, kommersiya ilə məşğuldur, iqtisadi proseslərdə ciddi fəaliyyətə malikdir. Ona görə də Azərbaycanın dövlət səviyyəsində bu forumda təmsil olunması vacib məsələlərdən biridir.

Real olaraq bugün Azərbaycan hökuməti ölkədə iqtisadiyyatla, bizneslə məşğuldur. Ona görə də onun bu beynəlxalq iqtisadi ola iştirakı vacibdir və bu görüş Azərbaycan üçün müəyyən perspektivlər açır. Azərbaycanda marağı olan şirkətlər orada müvafiq qurumlarla, müvafiq şəxslərlə görüşürlər və bir il ərzində nələri edəcəklər bunu planlaşdırırlar və bu planlaşmadan geri qalmaq Azərbaycan iqtisadiyyatını axsada bilər. Ona görə də bu təqdirəlayiq haldır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə