Dövlət Vergi Xidmətinə daxil olan şikayətlərin sayı 9 %-ə yaxın azalıb

2024-cü ildə Azərbaycanın vergi orqanlarına ümumilikdə 472 628 müraciət daxil olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 96,1 %-ni ərizələr, qalan hissəsini şikayətlər və müxtəlif təkliflər təşkil edib.

Müraciətlərin 97,8%-nin baxılması hesabat dövründə başa çatdırılıb, 2,2 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 53,9 %-i həll edilib, 44,2 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Şikayətlərin faktiki sayı 13 935 olub ki, bu da 2023-cü illə müqayisədə təxminən 8,5 % azdır. Həll edilmiş şikayətlər, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcları, şəxsi hesab vərəqələri, riskli vergi ödəyiciləri, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), maliyyə sanksiyalarının silinməsi, artıq ödənilmiş ver gilərin əvəzləşdirilməsi, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.

Ötən il Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 823 vətəndaşı, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 47 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə