Bu gün Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
İmzalanma M. Cabbarovun Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə keçirilən görüşdə baş tutub.
Nazirin sözlərinə görə, sənədin icrası Azərbaycan və Latviyanın vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkilinə təkan verəcək.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Memoranduma əsasən tərəflər vergi borclarının ödənilməsi, vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə