ASCO-nun “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora ilk səfərini tamamlayıb - FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) ötən ilin oktyabr ayında aldığı sayca ikinci “Handysize” tipli “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora olan ilk səfərini uğurla tamamlayıb. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, gəmi hazırda Çilinin Tokopilla limanına doğru hərəkət edir, burada gübrə və ammonium nitrat yükünü anbarlarına yükləyəcək və daha sonra Braziliyanın Salvador limanına doğru yola düşəcək.

Bu nəhəng quru yük gəmisi ASCO-nun 2024-cü ilin mayında istifadəyə verdiyi ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi təxminən 38 000 ton yükgötürmə qabiliyyətinə (dedveytə) malikdir. Uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayaz limanlara rahatlıqla daxil ola bilir.

2020-ci ildə Yaponiyada inşa edilmiş “Murovdağ” ekoloji baxımdan beynəlxalq standartlara cavab verir, yanacaq sərfində qənaətcilliyi ilə seçilir, müasir təhlükəsizlik sistemləri ilə təchiz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə