Naxçıvanda artan büdcə daxilolmaları mərkəzi büdcədən asıllığı azaldır

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi 2024-cü ildə büdcəyə daxilolmalar barəsindəki məlumatında qeyd edirdi ki, İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxilolmalardır. 2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyon manat və ya 72,6 faiz artıb.

Mövzu ilə bağlı bağlı açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Naxçıvan Muxtar Respublikasında büdcə daxilolmalarındakı artımın əsas səbəbi muxtar respublika iqtisadiyyatında hesabatlığın və şəffaflığın təmin olunması ilə bərabər ciddi addımların atılmasıdır.

2024-cü il üzrə büdcə daxilolmalarının 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz artmasının əsas səbəbi iqtisadiyyatın ağardılması və şəffaflaşdırılmasıdır.

İqtisadçının fikrincə, 2025-ci ildə bu artım göstəricilərinin 15-20 faiz ətrafında olma ehtimalı var

Bunun nəticəsi olaraq həm dövlət vergi xidmətinin xətti ilə, həm də icarələr, özəlləşdirmələr və digər istiqamətlərdən daxilolmaların həcmində olan artımlar burada şəffaflaşdırma elementlərinin çox olduğunu göstərir. Və növbəti dönəmdə də şübhə yoxdur ki, bu artım şəffaflaşdırma istiqamətində təmin olunacaq. Bu statistikaya nəzər saldıqda təxmini proqnoz vermək olar ki, 2025-ci ildə bu artım göstəricilərinin 15-20 faiz ətrafında olma ehtimalı var. Bu artımın üzərinə iqtisadiyyatın özünün təbii şəkildə inkişafından əldə olunan uğurlar transfer edilərsə, o zaman hesab etmək olar ki, dayanıqlıq daha yaxşı səviyyədə təmin olunacaq. Həmçinin Naxçıvanın coğrafi mövqeyi, gələcəkdə Zəngəzur dəhlizinin açılma ehtimalı, Türkiyə ilə olan əməkdaşlıq, Türkiyənin Orta Asiyaya Naxçıvan üzərindən çıxışı, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi, icrası və digər faktorları sadaladıqda Naxçıvan iqtisadiyyatı ilə bağlı müsbət perspektivləri gözləmək olar.

Vergi toplamalarının artımını əsas üç amillə əlaqələndirmək olar

İqtisadçı Xalid Kərimli isə bu məsələni müsbət tendensiya adlandıraraq Naxçıvan Muxtar Respublikasında vergi toplamalarının artımını əsas üç amillə əlaqələndirib:

1. Naxçıvanda idarəetmə islahatları və kadr dəyişikliklərindən sonra Azərbaycanın bir çox şirkətləri Naxçıvana giriş imkanı əldə etdi və orada öz nümayəndəliklərini yaratdılar.

2. Keçmiş rəhbərliyin sərt idarəçiliyindən sonra liberallaşma, qayda-qanunçuluğun bərpası şirkətlərin Naxçıvan bazarına marağını artırdı. Və həmin şirkətlər Naxçıvanda aktivliklərini bərpa etdi. Şirkətlərin və xidmət sahələrinin çoxluğu bu tendensiyanın inkişafını sürətləndirdi.

3. Şəffaflığın qorunması nəticəsində vergi toplamaları artan şəkildə büdcəyə qayıtdı ki, bu da Naxçıvanda fəaliyyət göstərən həmin xidmətin effektiv təşkili ilə əlaqədardır.

Bu üç məsələ həm idarəçilikdə kadr islahatları, həm şirkətlərin Naxçıvana marağının artması, həm də şəffaflaşma büdcə gəlirlərini artırdı. Bu da, öz növbəsində, növbəti ildə Naxçıvanın mərkəzi büdcədən datasiya almasının tələbini aşağı salacaq ki, bu da çox müsbət haldır. Əgər Zəngəzur dəhlizidə açılarsa, Naxçıvana nəinki mərkəzi büdcədən dotasiya ayrılacaq, hətta Naxçıvan mərkəzi büdcəyə artıq qalan pulu transfer edəcək.

Büdcə daxilolmaları makroiqtisadi inkişafın mühüm göstəricilərindəndir

İqtisadçı Cavadxan Qasımov isə qeyd edib ki,makroiqtisadi inkişafın mühüm göstəricilərindən birini də büdcə daxilolmaları sahəsindəki nəticələr təşkil edir. Bu, hər şeydən əvvəl, iqtisadi prioritetlərin düzgün müəyyən olunmasını göstərməklə yanaşı, eyni zamanda onun reallaşması və əlçatan olması sahəsində tədbirlərin də məqsədyönlü olduğunu göstərir. Eyni zamanda yeni istehsal müəssisələrinin yaradılması sahəsində işlərin davamlılığı, təsdiq olunan Dövlət Proqramı və digər hüquqi aktların icra mexanizmləri düzgün seçilir. Həmçinin əmək ehtiyatlarından məqsədyönlü istifadənin nəzərə alınması büdcə daxilolmalarının mühüm meyarlarını təşkil edir. NUHÇIXAN

Bütün xəbərlər Facebook səhifəmizdə