Azərbaycanda binaların informasiya modelləşdirməsi standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) binaların informasiya modelləşdirməsi (BİM) ilə bağlı 3 dövlət standartı qəbul edib. AZSTAND-dan SİA-ya bildirilib ki, dövlət standartları bunlardır: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTANDART) tərəfindən AZS ISO 19650-1:2024 “Binaların informasiya modelləşdirməsi (BİM) daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması — Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi — Hissə 1: Konsepsiya və prinsiplər”, AZS ISO 19650-2:2024 “Binaların informasiya modelləşdirməsi (BİM) daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması - Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi - Hissə 2: Aktivlərin icra mərhələsi”, AZS ISO 19650-3:2024 “Binaların informasiya modelləşdirməsi (BİM) daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması - Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi - Hissə 3: Aktivlərin istismar mərhələsi”.

Sözügedən dövlət standartlarının qəbulunda məqsəd tikinti layihələrində vaxt və maliyyə itkilərinin azaldılması, resursların daha düzgün planlaşdırılması və səmərəliliyin artırılması, inşaat və istismar mərhələlərində məlumatların vahid platformada dəqiq və şəffaf şəkildə inteqrasiyalı idarə edilməsindən ibarətdir.

Qeyd edək ki, dövlət standartlarının layihələri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə olunub, İnstitut tərəfindən təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə