Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydalar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin rəqabət qanunvericiliyinə uyğun olub-olmamasını müəyyən etmək üçün müraciət və qərar prosesini tənzimləyir.
Saziş iştirakçılarından hər hansı biri bağlanılmış sazişin istisna edilməsi üçün rəqabət orqanına könüllü şəkildə yazılı müraciət edə bilər. Sazişin predmeti ilə bağlı iş qaldırıldıqda, saziş iştirakçıları bu barədə bildirişdən sonra 30 gün ərzində müraciət edə bilərlər. Əgər müraciət qaydaların 2.2-ci bəndinin tələblərinə uyğun gəlmirsə, vəsatət rəqabət komissiyasının qərarı ilə qəbul edilir.
Müraciətdə saziş iştirakçıları və onların hüquqi ünvanları, sazişin predmeti, mahiyyəti, texniki və iqtisadi xüsusiyyətləri, davametmə müddəti və tətbiq olunduğu coğrafi ərazi kimi məlumatlar əks olunmalıdır.
Qaydalara əsasən müraciətlərin qiymətləndirilməsi 30 gün ərzində başa çatır. Xüsusi hallar zamanı baxılma müddəti əlavə 30gün uzadıla bilər. Bu barədə məlumat müraciətçilərə 5 iş günü ərzində verilir.
Müraciətin qiymətləndirilməsi nəticəsində rəqabət orqanı və ya komissiya sazişin istisna edilməsi və ya edilməməsi barədə yekun qərar qəbul edir. Qərar qəbul edilən şərtlər yerinə yetirildiyi müddətdə qüvvədə olur.
Bütün xəbərlər Facebook səhifəmizdə