Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin birgə tərəfdaşlığı ilə “III Aqrar İnnovasiya və Startaplar Forumu" keçirilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, forum aqrar startapçıların innovativ həll və texnologiyalarının nümayişindən ibarət sərgi bölməsindən və rəsmi hissədən ibarət olub.
Tədbiri giriş nitqi ilə açan nazii Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafını prioritet elan etməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl genişləndirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi kənd təsərrüfatında da innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Kənd təsərrüfatında innovasiyaların tətbiqi aqrar sahədə torpaq və su resurslarını qorumağa və onlardan səmərəli istifadə etməyə əlverişli imkan yaradır, məhsuldarlığı artırır, ətraf mühitin mühafizəsi işinə mühüm töhfələr verir.
Onun sözlərinə görə, ölkədə aqrar sahənin inkişafı ilə bağlı aparılmış ardıcıl və sistemli islahatların davamı olaraq Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə startapların xarici bazarlara çıxışını asanlaşdırmaq üçün müxtəlif layihələr icra olunur, aqrar startapçıların iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyalar, nəmlik qoruyucu innovativ yeniliklər və ağıllı həllərinin beynəlxalq və yerli şirkətlərə, sahibkarlara və geniş kütləyə nümayiş etdirilməsinə şərait yaradılır. Aqrar innovasiyaların gənclər arasında təbliği və təşviqi məqsədilə müsabiqə, yarışma və hakatonlar təşkil olunur.
Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub. Forum günün ikinci yarısında panel müzakirələr ilə davam edib. Panellərdə “Aqrar startaplar ekosisteminin inkişafı”, “Aqrar sektorda tətbiq olunan mütərrəqi texnologiyalar”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı uğur qazanmış startaplar” mövzularında müzakirələr aparılıb.
Forumun sərgi hissəsində müxtəlif müsabiqə və yarışların qalibləri olan startapçılar tərəfindən plastik tullantıların təkrar emalından hazırlanmış səki daşları, alternativ enerji mənbələrindən alınan bioqaz, hidrogen qazı, ağıllı istixanalar üçün idarəetmə sistemi, lazer sistemi vasitəsilə sahələri alaq otlarından təmizləyən aqrorobot, iqlim stansiyaları, süni intellekt tətbiq olunmuş suvarmanı idarəetmə sensorları, heyvandarlıq təsərrüfatları üçün ağıllı tasma, cərgəarası aqrorobot, zərərvericiləri dedektəedən cihaz, qəza olan fazanı müəyyən edən cihazlar sərgilənib. Həmçinin, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları şirkətlərin innovativ fəaliyyətləri barədə təqdimatlar keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə