"Azərbaycan peşəkar iqtisadi diplomatiya həyata keçirməkdədir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan iqtisadiyyatı sahəsində əldə olunmuş uğurların böyük hissəsində birbaşa əməyi və onun yaratdığı strategiyanın bəhrəsi vardır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, bu gün Azərbaycan sözün həqiqi mənasında peşəkar iqtisadi diplomatiya həyata keçirməkdədir: "Xarici siyasətdə iqtisadi diplomatiyanın xüsusi çəkisi o qədər böyükdür ki, bu, Azərbaycanın xarici ticarət tərəfdaşları arasında getdikcə nüfuzunu artırır. Azərbaycan Asiya və Avropa arasında təkcə coğrafi mövqe olaraq fiziki baxımdan əlaqə qurmur. Eyni zamanda müasir trendlərə uyğun tam bərabərhüquqlu tərəfdaş olaraq regionun və beynəlxalq layihələrin iştirakçısıdır.
Avrasiya materikində 32 nəqliyyat kommunikasiya və enerji dəhlizləri vardır ki, bunlardan 9-u məhz cənab Prezidentin birbaşa təşəbbüsü ilə yaradılmışdır. Bir ucu Şimalda, bir ucu Cənubda, bir ucu Şərqdə, bir ucu Qərbdədir. Məhz bu faktın özü cənab Prezidentin ölkə iqtisadiyyatı üçün oynadığı rolu və regional iqtisadiyyat üçün strateji hədəflərini müəyyən etməyə imkan verir.
Azərbaycanda ətraf mühitin qorunması, təbii ehtiyatların səmərəli istifadə olunması, eyni zamanda getdikcə artan tələbatlar fonunda dayanıqlı iqtisadiyyata nail olmaq üçün Azərbaycan iqtisadiyyatında yaşıl enerjinin tətbiqi istiqamətlərinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində məhz beşinci prioritet olaraq təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlandırılıb. Bu sənəddə ekoloji cəhətdən təmiz texnologiyanın tətbiqi ilə iqtisadi inkişafın təmin olunması, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpasının təşviq olunması kimi bir çox məsələlər və konkret tapşırıqlar öz əksini tapıb.
Prioritet olaraq ölkəmizdə 200 qiqavata yaxın yaşıl enerji potensialı, alternativ enerji potensialı var. Bu enerji potensialının gerçəkləşməsi nəticəsində ölkə yalnız ixraca köklənməyib, eyni zamanda ölkədə iqtisadi aktivliyin təmin olunmasında məhz bu resursların rolu getdikcə artacaq. Bu, 2022-2026-cı illəri əhatə edən strateji inkişaf proqramında, eləcə də Naxçıvanın 2023-2027-ci illəri əhatə edən inkişaf proqramında var. Bir çox dövlət sənədlərində bu məsələ təsbit olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə