“AzerGold” Qvineya-Bisauda mövcud perspektivli sahələrin ilkin ehtiyatlarını qiymətləndirəcək - FOTOLAR

“AzerGold” QSC Qvineya-Bisauda mövcud perspektivli sahələrin ilkin ehtiyatlarını qiymətləndirəcək. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə səfərdə olan Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi, ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassamanın da daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Sədr şirkətin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, səhmdar cəmiyyətinin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması, eləcə də yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun ətraf mühitin mühafizəsi, sosial məsuliyyət istiqamətində görülən işlər haqqında bəhs edib.

“AzerGold”un xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu deyən Z.İbrahimov fəaliyyətin gələcəkdə ölkədən kənarda da genişləndirilməsinin qurumun strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.

K.P.Pereira ölkəsinin ikitərəfli münasibətlərin möhkəmdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, dağ-mədən sahəsində mövcud imkanları və investorlar üçün yaradılan şəraitdən bəhs edib.

Ölkəsində dağ-mədən sahəsinin ilkin inkişaf mərhələsində olduğunu bildirən V.Kassama isə “AzerGold”un təcrübəsindən faydalanmaq niyyətində olduqlarını ifadə edib. Nazir ölkəsinin ən son geoloji xəritəsinin 1970-ci illərdə keçmiş SSRİ-dən olan mütəxəssislərin hazırladığını, müasir tədqiqat metodları ilə perspektivli sahələrin müəyyən edilməsinə böyük ehtiyac olduğunu qeyd edib.

Tərəflər “AzerGold”un innovativ geoloji axtarış metodları və müasir tədqiqat üsullarından istifadə təcrübəsi nəzərə alınaraq, bu sahədə əməkdaşlığın qurulması ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə “AzerGold”un Qvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkin ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı işlər aparmasına dair ilkin razılıq əldə edilib. Bu məqsədlə səhmdar cəmiyyəti xəritəalma işləri, axtarış-qiymətləndirmə mərhələsi üzrə ölkə ərazisində qeyri-invaziv axtarış metodu hesab edilən hiperspektral peyk çəkilişləri həyata keçirilməli, məlumatların təhlili, o cümlədən ilkin geoloji kəşfiyyat işləri icra etməlidir.

Görüşdə Azərbaycan şirkətinin xüsusilə qızıl mədənlərinin istismarı üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə kəşf ediləcək qızıl mədənlərində hasilat işlərinin aparılmasına dair təşəbbüsləri də dəyərləndirməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüşün nəticəsi olaraq Z.İbrahimov və V.Kassama arasında dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə