Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər
Azərbaycanda dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasında əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması, cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinə görə 3-cü müavinət növü dəfn müavinətidir. Dəfn üçün müavinətlər üzrə xərclər bu il ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılıb. Bu ilin I yarısında 20 311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da bu ilin proqnoz göstəricisinin 48,4 %-i qədərdir. I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 milyon manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2 %-i deməkdir. Növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı bu ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və yaxud 1,2% az proqnozlaşdırılıb. Növbəti il dəfn müavinəti üzrə xərclər bu ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb. Bu ilin I yarısında dəfn müavinəti ödənilmiş şəxslərin 19 478 nəfəri və yaxud 95,9 %-i əmək pensiyaçıları, habelə xərc edilmiş vəsaitin 16,4 milyonmanatı və yaxud 97,5 %-i əmək pensiyaçılarının payına düşür. Bu ilin I yarısında vəfat etmiş əmək pensiyaçılarının sayı 16 870 nəfər olsa da, təqdim edilmiş məlumatda pensiyaçı üzrə olmaqla müavinətlə təmin edilmiş şəxslərin sayı 2 608 nəfər çox göstərilib ki, bu da pensiyaçının əvvəlki ildə vəfat etməsinə baxmayaraq müavinətin təyin edilməsi üçün bu il müraciət edilməsi ilə əlaqədardır. Məlumatlara əsasən 1 pensiyaçıya düşən orta müavinət məbləği 839,4 manat, 1 sığortaolunana düşən orta müavinət məbləği isə 495,9 manat təşkil edir.
"Qanunvericiliyə əsasən, sığortaolunanlara hesablanan dəfn müavinətinin məbləği 500 manat, əmək pensiyaçıları üzrə isə minimum əmək pensiyasının 3 misli, yəni 840 manatdır. Lakin növbəti ildə minimum əmək pensiyası məbləğinin artırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyinin gözlənildiyini nəzərə alsaq, artıq növbəti il üçün əmək pensiyaçılarına ödəniləcək dəfn müavinətinin məbləğinin də yüksələcəyini diqqətə almaq vacibdir. Belə ki, “Büdcə zərfi”nə əlavə edilmiş İzahata görə, növbəti ildə dəfn müavinəti ilə bağlı xərclərin hesablanması məqsədilə bu müavinətin təyin edilcəyi 41 500 halın nəzərdə tutulduğu, bu il müavinət təyin edilmiş halların əsas hissəsinin (bu il üzrə 95,9 %-nin) əmək pensiyaçılarını əhatə etməsi nəzərə alınsa, aparılan hesablamalar Layihəyə daxil edilmiş vəsaitin 97,8 %-ə bərabər olan məbləğin tələb olunacağını göstərir. Növbəti ildə əvvəlki ildə vəfat etmiş şəxslərin dəfn müavinəti ilə bağlı sənədlərin təqdim edilməsi və yaxud sığortaolunanlar üzrə də birdəfəlik dəfn müavinətinin məbləğinin artırılacağı təqdirdə dəfn müavinəti üzrə xərclərə yenidən baxılması zərurəti yarana bilər", - deyə Rəydə qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə