Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır - DGK SƏDRİ
Müasir texnologiyalar ekoloji risklərin aşkarlanması və idarə edilməsində gömrük orqanları üçün yeni imkanlar yaradır. SİA xəbər verir ki, bu sözləri COP29 çərçivəsində “Yaşıl gömrük – Aparıcı gömrük rəsmilərinin dialoqu” mövzusunda beynəlxalq tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi süni intellekt və avtomatlaşdırılmış sistemlərdən istifadə edərək sərhədlərimizdən keçməklə ətraf mühitə zərər verə biləcək məhsullar üzərində effektiv şəkildə nəzarət tədbirlərini həyata keçirir: “Xüsusilə, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) vasitəsilə təhlükəli maddələrin və məhsulların sərhədlərarası qanunsuz daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tərəfimizdən zəruri işlər görülür. Ən son yeniliklər gömrük prosedurlarının daha şəffaf və effektiv olmasına, həmçinin ekoloji risklərin vaxtında idarə edilməsinə xidmət edir”.
Şahin Bağırov bildirib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gələcəkdə də “Yaşıl gömrük” təşəbbüsünü inkişaf etdirərək ekoloji cəhətdən təmiz ticarət və ekoloji risklərin idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində öz fəaliyyətini səylə davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə