Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirləri çərçivəsində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. SİA-nın məlumatına görə, dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib.
Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.
2025-ci ilin xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665, 2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir.
Həmçinin müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə