AMB yeni nəsil milli pul nişanları ilə bağlı əhalinin fikrini öyrənmək istəyir
Azərbaycan Mərkəzi Bankı (AMB) yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyən etmək üçün ictimai sorğu keçirir. SİA AMB-yə istinadən xəbər verir ki, sorğu vasitəsilə milli dəyərlərimizi, tarixi və mədəni irsimizi özündə daşıyan pul nişanlarının yenilənməsini həyata keçirməklə yanaşı, həm də onların müasir milli priroritetlərə və çağırışlara uyğunluğunu təmin etməyi hədəflənir. Onlayn keçirilən sorğuda iştirak edən vətəndaşlar mövzular üzrə təkliflərini AMB ilə bölüşmək imkanı əldə edir. Mövzu üzrə təkliflərin ölkəmizin gələcəyə baxışını, tarixini, strateji hədəflərini cəmləyərək milli mənsubiyyətimizi əks etdirəcəyi gözlənilir.
Beynəlxalq təcrübədə hər 10-15 ildən bir pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması həyata keçirilən bir təcrübədir. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır.
Torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni müstəviyə qədəm qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik atributlarından olan milli pul nişanlarının yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib.
Azərbaycanın hazırda tədavüldə olan milli pul nişanları – Manat ”Müstəqil Azərbaycan” konsepsiya mövzusuna həsr olunmaqla 2006-cı ildə dövriyyəyə buraxılıb. Bu konsepsiya çərçivəsində pul nişanlarımızın hər bir nominalı ayrı-ayrılıqda alt mövzulara həsr edilib. 2018-ci ildə isə "Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində 200 manat nominallı kağız pul nişanı tədavülə buraxılıb (geniş məlumat üçün https://www.cbar.az/moneymarks/banknotes?category=1).
Beləliklə, yeni nəsil milli pul nişanlarının konsepsiyası mövzusuna dair sorğuda iştirak etmək üçün link vasitəsilə anketi yükləmək, müvafiq məlumatları qeyd etdikdən sonra yekun anketi cari ilin oktyabr ayının 1-nə qədər [email protected] e-mail ünvanına göndərmək tələb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə