"Yeni sistem sayəsində taksi sahəsində mühüm irəliləyiş əldə olunacaq" - EKSPERT FİKİR BİLDİRDİ

"Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahəsində ciddi problemlər var. 2023-cü ilin iyun ayında Milli Məclisdə yeni bir qanun qəbul olundu ki, bu sahədə nizam-intizam yaransın. "Avtomobil nəqliyyatı haqqında" qanuna, Vergi məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olundu. Bu dəyişikliklərin bir hissəsi 2023-cü ilin oktyabrından, digər bir hissəsi isə bu ilin yanvarın 1-dən qüvvəyə minib". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, hədəf isə icazə sistemini təkmilləşdirməkdir: ""Lisenziyalar və icazələr haqqında" qanunda göstərilir ki, avtomobil nəqliyyatı ilə həm sərnişin, həm də yük daşınması üçün icazə alınmalıdır. Bu icazədə yenilik ondan ibarətdir ki, avtomobil nəqliyyatı sərnişin daşınması ilə məşğul olmaq istəyən hüquqi şəxslər, şirkətlər və sahibkarlar buraxılış vərəqəsi almalıdır. Bundan sonra taksi kimi fəaliyyət göstərmək istəyən şəxslər buraxılış kartı almalıdır. Yəni, burada iki elektron sənəddən söhbət gedir. Buraxılış vərəqəsi daşımalarla, buraxılış kartı isə daşımalarda taksi fəaliyyəti ilə məşğul olmaq üçündür. Bu sistem hələki işə başlamayıb. Ona görə də sistem tam şəkildə qurulanadək heç kimə cərimə yazılmayacaq".

"Hesab edirəm ki, bu sistem şəffaf formada hazır olsa, sözügedən sahədə mühüm bir irəliləyişə nail ola bilərik. Çünki taksi fəaliyyəti ilə bağlı xeyli narazılıqlar var. İstər taksi sürücülərinin davranışı, istər yol hərəkəti qaydaları, istərsə də avtomobillərin vəziyyəti ilə bağlı şikayətlər mövcuddur. Bununla yanaşı, taksi sürücülərinin də istismar olunmaqlarına dair şikayətləri var. Bu sistem bütün bunları nizama salmağa yönəlib. Şəhərdə xaos yaradan, lazımsız hərəkətlər edən bəzi taksi sürücüləri bu sistem sayəsində öz sənədlərini, davranışlarını və s. qaydalara uyğun vəziyyətə gətirərlər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə