"Sərəncam 800 min vətəndaşın sosial təminatının gücləndirilməsinə imkan verəcək" - İQTİSADÇI-EKSPERT-ŞƏRH ETDİ

"Minimum əməkhaqqının artırılması ilə bağlı ölkə Prezidentinin sərəncamı 2023-cü ildə yeni sosial paketin tədbirinə başlanması kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızı əhatə edəcək, eyni zamanda minimum əmək pensiyasının artmasından da 100 min vətəndaş faydalana biləcək". Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, son sərəncam 800 min vətəndaşın sosial təminatının gücləndirilməsinə imkan verəcək: "Minimum əməkhaqqının artması, eləcə də digər sektorlarda əməkhaqqının artırılmasına zəmin yaradır. Çünki minimum əməkhaqqı artdıqca özəl sektorlarda, o cümlədən dövlət sektorunda maaşda mərhələli şəkildə artım müşahidə olunur. Bu, bütövlükdə əməkhaqqı artımlarının sürətlənməsi və sosial təminat tədbirlərinin gücləndirilməsi baxımından vacib hesab olunur".

Deputat sözlərinə davam edərək qeyd edib ki, minimum əməkhaqqı və pensiyalarda olan artım Azərbaycanda aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin daha da yaxşılaşdırılması ilə bağlı atılmış bir addımdır: "Bu o deməkdir ki, sosial təminatın gücləndirilməsi ilə bağlı tədbirlər 2023-cü ildə də prioritet olaraq qalacaq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasətin hədəfi vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, xüsusilə də həssas təbəqənin dövlət tərəfindən genişləndirilməsindən ibarətdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə