"Yaşıl enerji" layihəsi iqtisadiyyatımıza hansı töhfəni verəcək? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

“Yaşıl enerji”nin formalaşması həm də Azərbaycanda 2030 sosial-iqtisadi inkişaf prioritetləri və eləcə də 2022-2026-cı illəri əhatə edən inkişaf strategiyasında əsas istiqamətlərdən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan “yaşıl iqtisadiyyat” və “yaşıl enerji”nin formalaşmasının tətbiqinə xüsusilə önəm verən ölkələrdəndir: “Nəticə etibarilə “yaşıl enerji” bir tərəfdən bərpa olunan mənbələrdən daha çox enerjinin əldə edilməsinə imkan yaradır. Bu, ənənəvi enerji resurslarına qənaət və eyni zamanda, həmin resursların ixracatının artırılması baxımından vacibdir. Digər tərəfdən “yaşıl enerji” ətraf mühitin qorunması, xüsusən də “ağıllı kənd” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması və inkişafı baxımından da mühüm istiqamətlərdəndir”.

Deputat sözlərinə davam edərək bildirib ki, bu baxımdan təbii ki, “yaşıl enerji”nin formalaşması Azərbaycan üçün həm qeyri-neft sektorunda, həm də enerjinin ənənəvi olmayan sahələrində yeni inşa modelinin tətbiqi anlamına gəlir: “Nəzərə alsaq ki, alternativ enerji mənbələrindən əldə edilən enerjinin həcminin, ümumi enerji istehlakının artırılması əsas hədəflərdəndir. Bu kontekstdən biz növbəti illərdə həm işğaldan azad olunmuş ərazilərimizdə, daha sonra isə bütövlükdə ölkədə “yaşıl enerji” keçidi müşahidə edəcəyik. Çünki işğaldan azad olunmuş ərazilərdə bütünlüklə prioritet hədəf ondan ibarətdir ki, daha çox “yaşıl enerji”dən istifadə olunsun, “yaşıl iqtisadiyyat” formalaşsın. Bu isə ondan xəbər verir ki, Qarabağ və Şərqi-Zəngəzurda formalaşan inkişaf modeli yalnız Azərbaycan deyil, bütün region üçün örnək modelə çevriləcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə