Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı başa çatıb FOTOLAR

Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı başa çatıb. SİA-nın məlumatına görə, festivalın sonuncu günü tamaşaçılara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti təqdim olunub. "Marxal" müalicə-istirahət kompleksinin yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak edib. Orkestrin repertuarını müxtəlif janrlı əsərlər - klassik, caz, estrada və populyar musiqi təşkil edir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir. Nümunəvi-Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının müqəddimə hissəsinin ifası ilə başlayıb. Orkestrin ifasında səslənən Ü.Hacıbəylinin "O olmasın, bu olsun" operettasından, "Arşın mal alan" musiqili komediyasından, Corc Bizenin "Karmen" operasından, Hans Zimmerin "Qladiator" filmindən musiqi parçaları, həmçinin solistlər Tural Ağayev və Fəxri Kazım Nicatın ifasında Müslüm Maqomayevin "Azərbaycan", "Mavi əbədilik", David Tuxmanovun "Qələbə günü", Rauf Hacıyevin "Azərbaycan" və digər bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub. Beləliklə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-də başlanan Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyib. Festivalın təntənəli bağlanış mərasimində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsertdə ansamblın və solistlər - əməkdar artist Nuriyyə Hüseynova və xanəndə Hüseyn Məlikovun ifa etdiyi qədim musiqilər, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək, Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. Sonda Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, xalq artisti Munis Şərifova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub. Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə