Azərbaycanın "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçisinin final şousu başlayıb. SİA-nın məlumatına görə, gecənin aparıcıları Leyla Quliyeva və Tural Əsədov olub.

Aparıcılar ilk olaraq müsabiqənin təmsilçisini seçəcək münsiflər heyətinin tərkibini açıqlayıblar. Builki təmsilçimiz peşəkar münsiflər heyəti tərəfindən- İctimai Televiziyanın direktoru İsmayıl Ömərov, əməkdar artistlər Tünzalə Ağayeva, Rəşad Haşımov, xalq artisti Zülfiyyə Xanbabayeva və musiqi koordinatoru Zəhra Bədəlbəyli, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva tərəfindən seçiləcək.

Milli finalda ilk olaraq Leyla Qafari çıxış edib. O ingilis dilində "Pride" mahnısını ifa edib. Daha sonra Vüqar Muradov "Baby baby", Valeriya Hüseynzadə "İf this is love", Leyla Əliyeva "Welcome to the sun", Fərəh Hadıyeva "We are one", Nigar Hüseynova "I still believe", Vlada Axundova "Big time", Rəvanə Əliyeva "Lovely king", Fərid Məmmədov "Hold me", Aysel Babayeva isə sonuncu olaraq "Sleazy mo" mahnısını səsləndirib.

İfaçıların çıxışlarından sonra isə münsiflər heyəti bir iştirakçını seçmək üçün müzakirə otağına gediblər.

Tədbiri "Eurovision- 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov ifası ilə davam etdirib. Daha sonra isə keçən il Bakıda keçirilən yarışmada ölkəmizi "When the music dies" mahnısı ilə təmsil edən Səbinə Babayeva eyni adlı musiqi nömrəsi ilə çıxış edib. Gənc müğənni Çingiz Mustafayev və Palmas qrupunun ifa etdiyi "Kəndimiz" mahnısı isə gecəyə xüsusi rəng qatıb.

Mahnıların ardınca isə Eurovision tarixi haqqında video çarx nümayiş olunub.

Qeyd edək ki, bir neçə dəqiqədən sonra İsveçdə keçiriləcək "Eurovision- 2013" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə