Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Kitab karvanı layihəsi” baş tutub. “Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən kitab karvanına ilk olaraq Salyan rayon Mərkəzi Kitabxanası ev sahibliyi edib.
Tədbiri giriş sözü ilə Salyan rayon MKS-nin direktoru Səidə Əliyeva açıb. Sonra isə söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaya verildi. O, Uşaq Kitab Karvanı layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, layihə haqqında ətraflı məlumat verdikdən sonra qonaqları təqdim edib. Tədbirdə uşaq yazıçılarından Aygün Bünyatzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı iştirak edib. Uşaq yazıçıları tədbir iştirakçılarına maraqlı olan bütün sualları cavablandırdı. Kitab Karvanı ilə gətirilən kitab bağlamalarında kitabxananın uşaq şöbəsinə nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı verilib. Respublika Kitab Kollektorunun da kitabxanaya hədiyyəsi olub.
Tədbir kiçik yaşlı uşaqlar arasında keçirilən “Tap görüm” adlı viktorina ilə davam edib. Qaliblər kitab və jurnallarla mükafatlandırılıb. Mərkəzi kitabxanada təşkil olunan Kitab Sərgiləri bütün rayon ictimaiyyətinin sevincinə səbəb olub. Tədbirin sonunda Mədəniyyət və Turizm Şöbəsinin Salyan üzrə nümayəndəsi Günaydın Əhədova, Salyan rayon İcra hakimiyyətinin nümayəndəsi Sevinc xanım Kitab Karvanı layihəsinin neçə illər belə uğurla həyata keçməsində xidməti olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirib. Tədbir KİV əməkdaşları tərəfindən işıqlandırılıb.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltmək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə