SOROS FONDU: Azərbaycana “QAYIDIŞ” planının gizlinləri İKİNCİ YAZI+ARAŞDIRMA

1 Mart 2021 14:12 (UTC+04:00)

Bu dəfə USAİD, “Şərq-Qərb İdarəetmə İnstitutu” və Delina Fico haqqında...

Birinci yazını aşağıdakı linkdən oxuya bilərsiniz:

https://sia.az/az/news/politics/856153.html

Beləliklə, ilk yazımızda ABŞ-ın yeni prezidenti Co Baydenin administrasiyasının əsas fiquru, dövlət katibi Antoni Blinkenin “Açıq Cəmiyyət İnstitunun” təsisçisi, dünyanın bir sıra ölkələrində, o cümlədən postsovet məkanında dövlət çevrilişləri həyata keçirmiş milyarder Corc Sorosun şəbəkəsində yer alması, o cümlədən həmin şəbəkənin fəaliyyətində digər şəxslərin iştirakı haqqında qeydlərimizi etmişdik. O cümlədən, Soros Fondu şəbəkəsinə daxil olan müxtəlif təşkilatların ölkələrdəki fəaliyyətlərinin bu və ya digər şəkildəki maraqlarını icra etmək cəhdləri ətrafında da bir sıra faktlar ortaya çıxıb. Ancaq apardığımız araşdırma zamanı o da bəlli olub ki, sorosçuların Azərbaycandakı fəaliyyətlərinə rəsmi qaydada qadağa qoyulsa da, onlar müxtəlif vasitələrlə, hətta qeydiyyatdan keçməyərək öz təsir imkanlarını qüvvədə saxlamağa cəhdlər göstərirlər.

Azərbaycan hökuməti layihəni daimi nəzarətdə saxlamaq üçün layihənin icraçısı olan ŞQİİ-ni qeydiyyata almaqdan imtina edir - Delino Ficonun layihə adı altında, əslində, Azərbaycanla bağlı gizli planları aldığı təlimatları demək olar ki, iflasa uğrayır

Nəticədə araşdırmamızı davam etdirərkən, növbəti maraqlı faktlarla rastlaşdıq. Məlum olmuşdur ki, Corc Soros özünə dolayısı ilə məxsus bir neçə təşkilatla ölkəmizə daxil olmağa əvvəllər də cəhd edib. Belə ki, əvvəlki məqaləmizdə qeyd olunan və 1988 –ci lldə Soros tərəfindən təsis olunan “Şərq-Qərb İdarəetmə İnstitutu” (ŞQİİ) adlı təşkilat hələ 2004-2006-cı illərdə digər qalmaqallı təşkilat kimi tanınan “Beynəlxalq Xilasetmə Komitəsi” adlı bir qurum vasitəsi ilə ölkəmizdə qısa müddətli layihə icra etməklə burdakı vəziyyəti təhlil etmiş və növbəti illərdə yeni layihələrlə gəlmək planları hazırlamışdır. Belə ki, təşkilat 7 aprel 2009-cu ildə Azərbaycanla ABŞ hökumətləri arasında “Amerika Birləşmiş Ştatların Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandum”u imzalandıqdan sonra fəallaşır.

Sözügedən saziş çərçivəsində ölkələr ümumi məbləği 45 milyon ABŞ dolları həcmində vəsaiti dörd müxtəlif layihənin maliyyələşməsi üzrə razılığa gəlirlər ki, bu məbləğin də 20,7 milyon ABŞ dollarını Azərbaycan hökuməti USAİD-in hesabına köçürmüşdür.

Dörd layihədən biri kimi “Regional Sosial İqtisadi İnkişaf Proqramı” (SEDA) adlı layihənin icrası da nəzərdə tutulur. Belə ki, bu proqram çərçivəsində bildirilir: SİTAT: “USAİD təfsilatlı regional sosial-iqtisadi inkişaf strategiyası və proqramının hazırlanması və icrasına dəstək göstərəcəkdir...”

Ancaq gəlin görək, ortada hər hansı bir regional-iqtisadi inkişaf strategiyası göründümü? Yaxud, USAİD üzərinə götürdüyü öhdəlikləri tam səmimiyyətlə və vəzifə borcu olaraq reallaşdırıbmı? Çünki görünən budur ki, layihəni “udan” qurum onu tam başqa istiqamətdə yönəltmək cəhdində bulunub. Onları mərhələli qaydada təqdim edirik:

1. Bu layihənin büdcəsi hər tərəfin bərabər töhfəsi olmaqla 14.4 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Halbuki razılaşmaya əsasən, hər dörd layihəni icra edəcək təşkilatların seçimini tərəflər birgə aparmalı idi. Yəni meydana çıxan fakt budur - USAİD birtərəfli olaraq Azərbaycan hökumətinin iştirakı olmadan SEDA layihəsinin icraçısı kimi məhz Sorosun (!) təsis etdiyi “Şərq Qərb İdarəetmə İnstitutunu” müəyyən edir.

2. ŞQİİ tərəfindən isə layihənin bu qurumun Nyu-Yorkdakı ofisindən əlaqələndirici kimi məhz əvvəlki yazımızda qeyd etdiyimiz qalmaqallı sorosçu Delina Fico təyin edilir. Delina Fico layihənin bütün büdcəsinə nəzarət etsə də, məsafədən layihənin icrasına elə də çox müdaxilə edə bilmir.

3. Şübhəsiz ki, bu qərar Azərbaycan hökumətini razı sala bilməzdi və o baxımdan, layihənin icrasının başlaması 2011-ci ilin noyabr ayınadək yubanır. Amma hətta layihənin başlamasına yaşıl işıq verilməsinə baxmayaraq, Azərbaycan hökuməti layihəni daimi nəzarətdə saxlamaq üçün layihənin icraçısı olan ŞQİİ-ni qeydiyyata almaqdan imtina edir. Təşkilat bu günə qədər ədliyyə nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərir.

Beləliklə, məlum olur ki, Sorosun yaxın silahdaşlarından biri olaraq tanınan Delino Ficonun layihə adı altında, əslində, Azərbaycanla bağlı gizli planları aldığı təlimatları demək olar ki, iflasa uğrayır.

USAİD isə əlavə olaraq layihəyə 8 milyon ABŞ dolları ayırmışdı və...

Bundan əlavə, ikitərəfli memorandumda qeyd olunan əsas məqsədlərə baxmayaraq, ŞQİİ layihənin məqsədlərin tam dəyişərək layihəni 3 komponentə bölərək, regional inkişaf məqsədlərindən uzaq fəaliyyətlər həyata keçirməyə cəhdlər edir. Lakin ŞQİİ bütün səylərinə baxmayaraq, layihə üzrə tərəf müqabili olan dövlət qurumları, layihənin əsas fəaliyyət istiqamətindən başqa fəaliyyətlərlə məşğul olmaq üçün şərait yaratmamışdır. Məhz buna görə, yəni fəaliyyətlərin məhz ölkənin maraqları istiqamətində nəzarətdə saxlanıldığı üçün, hökumət layihənin davamına icazə vermişdi, USAİD isə əlavə olaraq layihəyə 8 milyon ABŞ dolları ayırmışdı və...

Və burda xüsusi qeyd etmək lazımdır ki, USAİD-in layihələri üzrə icraçı təşkilatlar müəyyən faizlə gəlir əldə edirlər. Həmin vəsaitin məbləği “Qeyri-müstəqim Xərclərin dərəcəsi üzrə Saziş” (NEGOTIATED INDIRECT COST RATE AGREEMENT(NICRA)) adlı sənədlə müəyyən edilir. Maraqlısı isə budur ki, ŞQİİ-nin belə saziş üzrə gəlir dərəcəsi ağlasığmaz - 29% səviyyəsində müəyyən edilmişdir. Halbuki ümumi qayda olaraq beynəlxalq təcrübədə analoji QHT-lər və layihələr üçün bu dərəcələr 15% civarında olur. Bu, o deməkdir ki, ŞQİİ və yaxud dolayisi ilə Soros, bu layihədən sırf gəlir kimi 6 milyon ABŞ dollarından çox məbləğdə gəlir əldə etmişdir ki, bu da öz növbəsində həmin tipli layihələr üçün son dərəcə nadir haldır və istər-istəməz ciddi suallar doğurur.

“Şərq-Qərb İdarəetmə İnstitutu” layihə üzrə gəlir və fəaliyyət hesabatlarını kimdən və niyə gizlədir?

Belə ki, təkcə ŞQİİ-nun layihə üzrə gəlirləri Azərbaycan hökumətinin layihəyə ayırdığı tam məbləğə bərabərdir. Və bütün illər ərzində hökumətin dəfələrlə vəsaitlərin xərclənməsi üzrə hesabat istədiyinə baxmayaraq, ŞQİİ bu günədək belə hesabatları təqdim etməkdən imtina etmişdir. Adi bir sual: hesabatları təqdim etməməklə onlar fəaliyyətlərinin hansı gizlin məqamlarını sirr olaraq saxlayırlar? Yaxud, Azərbaycanda fəaliyyət göstərmələrinə rəğmən, bu ölkənin hökumətinin tələblərinə cavab verməmək tapşırığı haradan və kimdən qaynaqlanır? Həmin qaynağın Soros fondu olmadığını nə ilə sübut edə bilərlər? Suallar çoxdur!

Yeri gəlmişkən, xatırlada bilərik ki, 2020-ci ildə keçirilmiş ABŞ prezident seçkiləri ərəfəsində ŞQİİ-nin son dərəcədə fəallaşması da diqqətdən yayınmayıb. Xüsusən, artıq haqqında məlumat verdiyimiz Delina Fico və onun himayədarı olan Corc Sorosun daim yanında olduqları Co Baydenin dəstəklənməsi istiqamətində siyasi fəaliyyət başlayır. Həmin fəaliyyət çərçivəsində Delinə Fico demək olar ki, ABŞ-ın və Qərbin bir sıra nüfuzlu mətbuat qurumlarında geniş məqalələrlə çıxış edir həm də mediada keçirilən açıq debatlarda qatılmaqla Trampı təhqir edir, Baydeni isə xilaskar adlandırır. Linklər aşağıda:

https://www.youtube.com/watch?v=8Mholhe7xmE

https://www.youtube.com/watch?v=xMUN3T1nDm4&feature=youtu.be

https://www.youtube.com/watch?v=v5LixUTP7uA&feature=youtu.be

Bu cür siyasi fəal bir şəxsin ümumiyyətlə hər hansı bir sosial-iqtisadi layihənin icrasının rəhbərliyini tapşırmaq isə bilavasitə nonsensdir..!

Nonsensdir həm də ona görə ki, bu adamlar paralel olaraq ABŞ-ın demokratlar qanadının erməni lobbisi ilə sıx əməkdaşlıqdadırlar və belə bir fərdin Azərbaycanda hər hansı bir layihə pərdəsi altında təsirli olmaq cəhdi yalnız mənfi təsirlərini göstərə bilər. Bu, hər halda diqqətdə saxlanılması olan bir məsələdir!

Delino Fico aldığı təlmatları birbaşa özü həyata keçirmək məqsədini icra edəcəyini düşünür

Və nəhayət, ABŞ-da 2020-ci ilin 3 noyabr prezident seçkilərinin ilkin nəticələri məlum olduqdan sonra, yəni məhz Corc Sorosun dəstəklədiyi Co Baydenin prezident seçilməsi elan olunar-olunmaz, Delina Fico belə qərara gəlir ki, artıq layihə üzrə bütün fəaliyyətlərə birbaşa nəzarət etsin və ölkəmizdə fəaliyyət göstərən yerli layihə rəhbərliyini uzaqlaşdıraraq rəhbərliyi bilavasitə üzərinə götürsün. Çünki o yaxşı bilirdi ki, heç bir halda dövlətçilik maraqları başqalarınnın, xüsusilə anti-Azərbaycan məqsədi təşkilatların qurban verilə bilinməz. Bu baxımdan, hər şeyi nəzarəti altına almağa cəhd göstərən Delino Fico aldığı təlmatları birbaşa özü həyata keçirmək məqsədini icra edəcəyini düşünür. Bəs onların maraqları daha hansı məqamlardan ibarətdir?

Sorosla bağlı digər qurumların da fəallaşacaqlarını bəri başdan, hətta kifayət qədər proqnozlaşdırmaq mümkündür

Beləliklə, burada digər maraqlı və mühümlük təşkil edən nüans ölkəmizin Sorosun dəstəklədiyi “Paşinyan Ermənistanına” müharibədə qalib gələrək öz ərazilərini azad etməsidir. Belə ki, heç kimə sirr deyil ki, azad olunmuş ərazilərdə müxtəlif layihələr icra olunacaqdır və bu məqsədlər üçün dünya ölkələri külli miqdarda vəsaitlər ayıracaqdır. Şübhəsiz ki, ABŞ hökuməti də bu proseslərdən kənarda qalmayacaqdır və USAİD vasitəsi ilə müxtəlif layihələr icra edəcəkdir. ABŞ-ın ölkəmizdəki səfiri bununla bağlı artıq bəyanatlarla çıxış edib. Onu ehtimal etmək olar ki, Delina Ficonun fəallaşması hər halda məhz bu faktla bağlı ola bilər. Belə ki, əvvəlki yazımızda qeyd etdiyimiz kimi, birbaşa USAİD- i idarə edən Antoni Blinken bilavasitə Sorosla bağlı bir şəxsdir və onun Sorosla bağlı təşkilatların lobbiçiliyini həyata keçirəcəyini istisna etmək olmaz. Xüsusilə, müxtəlif tenderlərdə, iqtisadi layihələrdə iştirakçılıq qismində şübhəli siyasi maraqlarının icrasına yönəlik planlarının olması çox ciddi şəkildə araşdırılmalı, ifşa olunmalıdır. Bir sözlə, harada Soros varsa, orada qaranlıq məqamların olması da zatən bəllidir... Və bu tək ŞQİİ-ə dəstəklə məhdudlaşmayacaq və eyni zamanda, Sorosla bağlı digər qurumların da fəallaşacaqlarını bəri başdan, hətta kifayət qədər proqnozlaşdırmaq mümkündür. Ona görə də əvvəlki yazımızdakı məqamları da xatırlayarsaq, həmçinin bu yazımızdakı faktları da nəzərə alarsaq, ŞQİİ-nin azad olunmuş ərazilərə məhz Delina Ficonun rəhbərliyi altında “daxil” olmaq cəhdlərinin yumşaq ifadə edərsək xoşniyyətli məqsədlər daşımayacağı qənaətinə gələ bilərik.

Delina Fico öz fəaliyyətlərini davam edir və aidiyyəti qurumlarla yazışmalar aparır və artıq tam özbaşına və heç bir nəzarət olmadan öz məqsədlərini gerçəkləşdirməyə çalışır

Sonda isə bir daha vurğulamaq istərdik ki, ŞQİİ Azərbaycanda 10 ilə (!) yaxındır ki, tam qanunsuz, yəni Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Sonuncu dəfə qeydiyyatdan imtina haqqında qərar Ədliyyə Nazirliyi tərəfindən 5 oktyabr 2020-ci il tarixində göndərilmişdir. Amma qeydiyyatdan imtina olunmasına baxmayaraq, Delina Fico öz fəaliyyətlərini davam edir və aidiyyəti qurumlarla yazışmalar aparır və artıq tam özbaşına və heç bir nəzarət olmadan öz məqsədlərini gerçəkləşdirməyə çalışır. Belə fəaliyyətin arxasında dayanan məqsədlərin, məramların daha təfsilatla araşdırılmasına qədər isə təkcə ortaya qoyulan faktlar müqabilində nəticələr çıxarmaq kifayət edir.

Söz yox ki, aidiyyəti qurumlar da Delina Ficonun ölkəmizdəki şübhəli fəaliyyətlərdən uzaqlaşdırılmasına dair istər layihənin donoru olan USAİD, istərsə də ABŞ-ın ölkəmizdəki diplomatik nümayəndəliyinə müvafiq müraciətlər edə bilərlər.

(ardı var)

Rövşən RƏSULOV