GECƏNİN RƏNGİ - ROMAN

4 Avqust 2020 11:46 (UTC+04:00)

(Əvvəli bu linkdə, https://sia.az/az/news/literature/818279.html)

Aysun Alını qırmaq istəməsə də, qeyri-ixtiyarı - bir neçə gün sonra zəng edib, bir bəhanə ilə sizə gedərəm, söz verirəm, - deyə nəzərlərlə Alının gözəl simasına baxdı.

Alı bir söz deməyib, yola davam üçün irəliyə addım atdı. Qız Alının ondan narazı qaldığını düşündüyündən, ərklə onun qolundan çəkib, dayandırdı. Bu elə cəld hərəkətlə oldu ki, çütlük nəfəs-nəfəsə dayanmalı oldu. Bir anlıq nə edəcəklərini bilmədilər. Hər ikisinin canına istilik yayıldığını hiss etdilər. Aysun istəməsə belə abır-həya xatirinə tez özünü ələ alıb, Alıya söyləndi:

- Yoxsa məndən incidin?

Aysun bu sözləri elə şirin dillə dedi ki, Alınınn canına yağ kimi yayıldı, hətta güldüdə:

- Yox, yox, nə danışırsan, hərbi xidmət zamanı məzuniyyətə gələcəyəm, o zaman bizə gedərik.

Aysun söz atmaqla, söhbətə şirinlik qatmağa çalışdı.

- Mənim sizə getməyimi, sənin məzuniyyətə gəlməyinə saxlamayacağam. Gedəcəyəm, səndə gəlib görəcəksən ki, mən yığışıb, oturmuşam sizin evinizdə, özü də sənin otağını və yatağını da ələ keçirmişəm.

Hər ikisi güldü. Aysun gülərkən, Alı fikir verib, öz-özünə - bu qız güləndə də gözəldir, gülümsər dodaqları təzə açılmış qırmızı lalə kimi təravətlidir - deyə düşündü. O sevinirdi, bu onun üçün ən gözəl, unuda bilməyəcəyi xoş anlar idi. Ürəyində Allahına təşəkkürlər etdi. Təşəkkürlər etdi ki, hərbi xidmətə getməmişdən öncə, Aysunla danışdı, ürəyindəkiləri ona deyə bildi. Aysunda eyni fikirdə idi. O da bu gözəl günü ona bəxş etdiyinə görə Allaha minnətdarlıq edirdi…

Sevgililər restorana gedib, yeyib-içdilər. Baş-başa qalıb, tələbəlik illərindən, dərslərdə bir-birinə oğrun-oğrun baxmalarından danışdılar. Bir-birindən ayrılmaq istəməsələrdə, vaxt onlara xudahafizləşməyi diqtə edirdi. Alı taksi saxlayıb Aysunu Yasamala evlərinə yola salıb, geri qayıdanda artıq saat birə işləyirdi. Mənzilin qapısını açıb, içəri daxil olanda anası onu qaşqabaqlı qarşıladı. Haqqı da vardı, çünki qarlı-şaxtalı bu qış günündə Alının hərbi xidmətə yola salınması üçün məclis təşkil olunmuşdu. Anası bacısı və bacısı qızlarının köməyi ilə müxtəlif ləziz yeməklər bişirmişdi. Tanış-biliş, qohum-əqraba gəlmişdi. Qonaqlar xoş sözlər söyləyib, rəqs edib, şənləndilər. Ancaq Alı yox idi. Bir ara qonaqlar o haradadır- deyə soruşmuşdurlar. Almaz xanım və Alxas müəllim yalandan - tələbə yoldaşları ilədir, indilərdə, bu saat, bu dəqiqələrdə gələr - deməklə sualları cavablandırmağa çalışmışdılar. Budur artıq, Alı gəlib çıxmışdı. Otaqda olan qohum-əqraba bir anlıq ona baxıb, xoş gördük etdilər. Alı - axşamınız xeyir- deyib, anasına baxdı. O anasının

qaşqabaqlı olmasının səbəbini bilsə də, həmişəki kimi əhvalını soruşmağa cəhd etmədi. Bilirdi ki, "nə olub, ay ana" deməsinə bənddi. Anası tapança kimi açılacaq, - harda idin, niyə gözümü yolda qoydun? - bu kimi sözlərlə abrını ətəyinə bükəcək. Ona görə də qorxa-qorxa anasına yaxınlaşıb üzündən öpdü. Sonra da əmisi Alxanla, onun həyat yoldaşı Solmazla daha sonra bibisi Simuzər və qızları, oğlanları ilə, xalası ilə görüşüb-öpüşdü. Görüşdüyü qohumlarının hər biri - ayə, harda idin, ə, evə bu vaxtı gələrlər? - sualları ilə onu qarşılayıb, sonra öpüşürdülər.

- A bala, uşağı nə sıxma-boğmaya salmısınız, bəlkə tələbə yoldaşları ilə bir yerdə olub.

Bunu deyən Alının dayısı Məzahir idi. Alı dayısından eşitdiyi sözlərdən ürəkləndi.

- Bəli, tələbə dostlarımla bir yerdə idik.

- Yəqin cansıxıcı olmasın deyə, orda qızlar da olub, - deyən dayısının sözləri otaqda böyük gülüşə səbəb oldu.

Məzahir araya xoş ovqat düşdüyünü görüncə yaxınlaşıb Alının üzündən öpdü:

- Sabahdan başlayacaq - "kişilik məktəbi"ndə uğurlar, sağ gedib salamat qayıdasan.

Otaqdakıların - amin - sədaları eşidilincə Almaz xanım kövrəldi. Yanaqlarından süzülən göz yaşlarını sağ əli ilə silib əllərini göylərə qaldırdı - Allahım, balamı hər cür bəladan hifz et, - deyə dua etdi.

Almazın səsi titrəyə-titrəyə dediyi sözlərdən Alının xalası Tükəzban da kövrəldi. Başına örtdüyü yaylığı ilə nəmlənən gözlərini sildi və sağ tərəfində Məzahirlə söhbət edən Alını qucaqlayıb öpdü. Alı da xalasının üzündən öpüb onu sakitləşdirmək üçün dedi:

- Ay xala, oğlanlar vardı ki, sovet bayrağı altında Əfqanıstanda, Macarıstanda, Almaniyada xidmət edirdi. İndi Allaha şükür, doğma diyarımızda vətənimizə xidmət edirik. Beş addımlıq yolda olacağam, istədiyiniz vaxt mənim yanıma gələcəksiniz. Bir də ki, bir il nədir ki, Fəxrəddin 11-ci sinfi qurtarıb universitetə qəbul olunanda gələcəyəm...

Almaz ananın sərt səsi Alıya fikrini tamamlamağa imkan vermədi.

- Yaxşı-yaxşı, sən yay-qış cibləri boş olan dədənin canı, otur o stulda, bir qismət çörək ye.

Alxas müəllim arvadının iynəli sözlərinə əhəmiyyət verməyib üzünü oğluna tutub dedi:

- A bala, ananın yenə tutması tutub, gəl-gəl, otur burda, dayınla sənin sağlığına içmək istəyirik.

Alxas müəllim sözünü deyib yanında boş olan stulu Alıya göstərdi. Məzahir də əlini Alının çiyninə qoyub, - gəl oturaq bacı oğlu, gəl, - deyib yerində oturdu, Alıya

da oturmağa yer göstərdi. Almaz isə dil-boğaza qoymadan deyinməyə, hirsini-hikkəsini ərinin üstünə tökməyə başlamışdı.

- Camaatın kişiləri övladlarına yurd qurur, yuva salır, işə-gücə qoyur, bizimki də Bizim Cəbiş müllim kimi qoltuğunda papka məktəbə, məktəbdən də evə.

Alxas müəllim başını bulayıb arvadına, - ay Almaz, səbr elə, qohumlar gedəndən sonra zəhərini boşaldarsan - deyib, üzünü Məzahirə tutdu:

- Ayə, süz, əsgərin sağlığına içək.

Məzahir araq şüşəsini əlinə alıb, stəkanlara araq süzə-süzə bacısına acıqlandı.

- Yaxşı ay Almaz, heç olmasa ağsaqqaldan, ağbirçəkdən utan.

Deyəsən, Almaz səhvini başa düşmüşdü. Divanda oturub hıçqırtı ilə ağlamağa başladı. Nərgizlə Mənsurə də xalalarının yanında oturub onu sakitləşdirməyə çalışdılar. Tükəzban da bacısına təskinlik vermək üçün dil-ağız elədi.

- Ay Almaz, bu nə çaxnaşmadır salmısan, axı sabah uşağını hərbi ximətə yola salırsan?!

Almaz hirsini-hikkəsini boğub hıçqıra-hıçrıqa dedi:

- Niyə məni başa düşmürsüz? Min bir zillətlə, əziyyətlə uşaq böyüt, axırda da gəlib əlindən alıb aparsınlar.

Alxas müəllim söz atdı:

- Camaat toyuq-cücə böyüdür? Əsgərliyə gedən oğulların anası yoxdur?

Alxasın sözləri Almazı özündən, çıxartdı, əlini ölçə-ölçə qeyzlə deyindi:

- Hə, əsgərliyə gedənlər yetim-yesirin, kasıb-kusubun uşaqlarıdır. Bir varlı-karlı, vəzifəli şəxslərin uşaqları hərbidə deyil. İnjener Məmişin oğlu Cavid əsgərliyə gedibmi, yoxsa Kənd Təsərrüfatı Nazirliyində işləyən Nərgiz xalanın oğlu Saleh əsgərliyə gedib?

Alxasın bacısının əri Səbuhi söz atdı:

- Ay Almaz, bu vətən elə kasıb-kusubun vətənidir də...

Restoran sahibi olan Səbuhinin qohum-əqrəba arasında böyük hörmət-izzəti vardı. Xeyir-şər işlərində fəal olar, öz imkanı daxilində yardım göstərməkdən çəkinməzdi. Elə Alının sonuncu kursunda illik ödənişini də, Səbuhi etmişdi. Alxas qəpiyi-qəpiyin üstünə qoyub pulu qaytarmaq istəsə də, Səbuhi götürməmişdi. Demişdi ki, qohum-qohuma nə gündə gərəkdir, inşallah, gələcəkdə Alı mövqe sahibi olanda mənim uşaqlarıma əl tutar, kömək edər. Alxasda də çox təkid etməmişdi, təşəkkür edib evinə gəlmişdi. Sonradan Səbuhinin qızı Cəmilə ailə quranda, oğlu Faiq hərbi xidmətdən gələndə Alxasda Almaza xonçalar bağlatdırmış, Səbuhinin evinə getməklə onun xəcalətindən çıxmağa çalışmışdılar. İndi də Almaz Səbuhinin dillən-diyini görüb səsinin tonunu aşağı saldı, sakit səslə dedi:

- Səbuhi qardaş, elə Vətənə xidmət etmək, torpağı qorumaq biz yazıq-yuzuğa qalıb? Niyə o birilər...

Səbuhi onun sözünü kəsib aramla dedi:

- Almaz xanım, əsgərlik kişilik məktəbidir. Hər bir oğul bu məktəbin məzunu olmalıdır. Türkiyədə hərbi xidmətə getməyənlərə qız da vermirlər.

Almaz gözucu bacısı qızı Mənzurəyə baxıb söz atdı:

- Qızların minnəti olsun ki, mənim Alı balama nişanlı olacaqlar.

Səbuhi yenə təslim olmaq istəmədi:

- Azərbaycan Parlamenti qanun qəbul edəcək: Hərbi xidmətdə olmayanlar dövlət vəzifəsinə təyinat ala bilməyəcək, həm də qızlar onlara ərə getməyəcək.

Almaz yenə söz demək və Səbuhini borclu çıxarmağa çalışdı. Ancaq Alı ona imkan vermədi. Əlindəki çəngəli boşqabına qoyub anasına yaxınlaşdı. Onun qarşısında dizləri üstə çöküb, əllərini ovucunun içinə alıb dedi:

- Ey mənim başımın tacı, könlümün həmdəmi anam. Bilirsən Avreli Avqustin nə deyib?

Almaz çaşqın halda oğluna baxıb, - nə deyib ki? - deyə qeyri-ixtiyari sual etdi.

- O müdrik, dahi şəxsiyyət deyib ki, qadın elə bir mələkdir ki, biz uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Ey mənim mələk simalı gözəl anam, səni başa düşürəm. Mənim bu vətən qarşısında bir borcum var. Əsgəri borcumu bitirdikdən sonra bir övlad olaraq sizlərin də borcunuzu ödəməyə çalışacağam.

Səbuhinin məsləhətinin ardınca oğlunun qətiyyətli sözləri Almazı yumşaltdı. Ona görə də oğlunun əlindən tutub ayağa qaldırdı. Bacısı qızlarına göstəriş verdi.

- Süfrəni yenidən bəzəyin. Tortu da gətirin kəsək.

Alı anasının sakitləşdiyini görüb demək istədiklərini sakit səslə dilə gətirdi:

- Ana, tortu kəsəndən sonra sənə özəl sözlərim var.

Almaz oğlunun düzənlənən məclisə gecikməsindən dalağı sancmışdı. Bu baxımdan, onun nə deyəcəyini təxmin etmişdi. Həm də hiss etmişdi ki, oğlunun onun arzu və istəyinə zidd olaraq Mənzurəyə marağı yoxdur, başqa qoruyucu mələyi var, amma kim? Bu, onu narahat etməyə başladı. Məclisin tez başa vurub oğlu ilə baş-başa qalmağa tələsdi. Ani fikrə də getdi:

- Oğlumun qəlbindəki, könlündəki kimdir, haralıdır, ata-anası kimdir? Tez də özünü ələ alıb qərar verdi. Kim olur-olsun, halal ocağın övladı olsun. Oğlumun könlünü oxşayan, başa düşən, ürəyincə birisi olsun.

Almaz düşüncələrinə son verib, yanında oturan oğluna baxdı. Pıçıltı ilə söyləndi:

- Boyuna da, sevdiyin qıza da qurban olum, ay bala.

Alı anasının ona nəvazişlə baxıb pıçıltılarını hiss etsə də, nə dediyini soruşa bilmədi. Sadəcə, - ana, yaxşısan? - deməklə kifayətləndi. Almaz sol əlini oğlunun enli kürəyinə qoyub,-hə, - deyə bildirdi. Sonra da - qızlar, tortu gətirin! - deyib mətbəxdən otağa daxil olmaqda olan Mənzurəyə səsləndi. Az sonra məclis yenidən qızışdı. Qo-humlar yeyib-içib şənlik etdilər. Alıya əsgəri xidmətdə uğurlar arzuladılar.

*** *** ***

Maşın çuxura düşüb dayandı. Sürücü bir neçə dəfə geriyə-irəliyə verib, nəhayət, yolunu davam etdirməyə nail oldu. Bu anda maşının yaxınlığında mərmilər partladı. Eyni anda səs eşidildi:

- Kaş o mərmilərdən biri bu maşının üstünə düşüb, bizi namussuzluqdan, qeyrətsizlikdən xilas edəydi.

Başqa bir kişi xırıltılı səslə - kaş elimizdə-obamızda biz də arvad-uşağımız kimi ölüb bu zülmü görməyəydik, - deyə ağlar səslə bildirdi.

Maşının yırğalanmasına və kişilərin baş-başa verib ağlamalarına gözlərini açan Talıb sağa-sola boylandı. - Ayıldı, ayıldı, - sözlərini eşidincə təəccübləndi. - Nə olub, nə baş verir, - sualına cavab tapmaq üçün diqqətini toplayıb, - ayıldı- deyənin kimliyini aydınlaşdırmağa çalışdı. Bacarmadı, uzanıqlı vəziyyətdə başını qaldırmaq istədi, səs eşitdi:

- Talıb, ay oğul, sağsan. Allaha çox şükür. Uzan bala, uzan, görək başımıza nə gələcək?

Talıb növbəti dəfə başını qaldırıb uzandığı yerdən ayağa qalxmağa çalışdı, ancaq alınmadı. Bütün bədəninin sızıldadığını və güclə nəfəs aldığını hiss etdi. Əzmini, iradəsini toplayıb, nə baş verdiyini aydınlaşdırmağa cəhd etdi. Bir şey təxmin etməsə də, anladı ki, bir qədər əvvəl bərk döyülüb, işgəncəyə məruz qalıb. Özündə güc, iradə tapıb, başını Savalan kişinin dizinin üstündən az da olsa qaldırıb, pıçıltılı səslə - əmi sizsiniz, biz hardayıq? - deyə sual dolu nəzərlərlə gözlərini Savalan kişiyə dikdi.

Savalan kişinin 7-8 erməni əskərinin yumruq, təpik zərbələrindən sonra özündən gedən Talıbın nəfəs alacağına, yenidən həyata qayıdacağına ümidi çox az idi. Ancaq indi Talıbın özünə gəlib, danışmasından bir növ sevincək olsada, erməni əlində olduqlarını düşündükcə, dünya başına fırlanırdı.

Talıb xırıltılı səslə yenidən sual etdi:

- Savalan əmi, biz hardayıq?

Savalan kişi sağ əli ilə əmisi nəvəsinin alnına, saçlarına əl gəzdirib, ağlar səslə dedi:

- Ay oğul, cəhənnəmdə, erməni gavurlarının əsirliyində.

Talıb erməni əsirliyində sözlərini eşidincə, hər şeyi başa düşdü. Sağ əlini maşının dəmir döşəməsinə dirəyib yarıbükülü oturdu. Ətrafına nəzər yetirdi. Yolun sağ və sol hissəsində qadın, uşaq meyitlərini görüncə Talıb dəhşətə gəldi, maşında büzüşüb, artıq az qala acı taleləri ilə barışmış kəndçilərini süzüb, Savalan kişiyə sual etdi:

- Necə oldu ki, ermənilər bizi əsir aldılar? Qohum-əqrabadan xəbər varmı?

- Ay oğul, hamısını dəyirmanın yanında tutublar, qadınlar və uşaqlar bizdən öndəki maşındadılar.

Talıb anasının və qardaşının da əsir düşdüyünü eşidincə dünya başına fırlandı. Nəsə etmək istədi. Ancaq silahlı ermənilərin əhatəsində nə edə bilərdi ki. Gücü ancaq göz yaşlarına çatdı. Hönkür-hönkür ağladı.

Savalan kişi onun çiynini döyəcləyib sakitləşdirməyə çalışdı. İnilti və ardınca da - Bəxtiyar dayı, mən ölürəm, - səsini eşidincə, ani çevrilib maşının çıxış tərəfinə baxdı. Üz-gözü qan içində olan Şaban kişinin oğlu Azər əlləri ilə qarnını tutub iniltili səslə dayısı Bəxtiyara son vəsiyyətini edirdi. Bəxtiyar isə çarəsizcəsinə onun başını ovxalayır, hərdən də üz-gözündən öpüb dözməsini xahiş edirdi. Az sonra Azərin iniltisi kəsildi. Girovlar arasında olan Molla Cavadın sakit səslə “Yasin surəsi”ni pıçıltı ilə oxuması artıq Azərin öldüyünü göstərirdi. Bəxtiyar bacısı oğlunun başını sinəsinə sıxıb hönkür-hönkür ağlayırdı. Talıbı təəccüb dolu dəhşət bürümüşdü. Kəndin xeyir-şərində bir yerdə olan insanlar Azərin canını tapşırmasına soyuqqanlı qalmışdı. Sual dolu nəzərlə gözlərini Savalan kişinin gözlərinə dikdi. Ağsaqqal onu başa düşdü. Pıçıltılı səslə - eyni dərddə, eyni ağrı-acıda olan insanlar nə deyib bir-birinə təskinlik verə biləcək ki, a bala? - deyə söyləndi. Talıb yanıqlı ah çəkib düşüncələrə daldı. Evlərini, nişanlısını xatırladı, erməni əsgərlərinin gözlənilmədən həyətə soxulub onu avtomatın qundağı, təpik-yumruqla vurduqdan sonra sürüyüb küçədəki yük maşınının kuzovuna atmalarını xatırladı. Artıq hər şeyi dərk etməyə başlamışdı. Bir anlıq kino lenti kimi xəyalından atasının, bacısının, nişanlısının və digər qohumlarının öldürülməsi gəlib keçdi.

Savalan kişinin - a bala, Samvel Xacaturyan səninlə yaman maraqlanırdı, onunla nə əlaqən? - sualı Talıbı ağır, uzücü xəyaldan ayıltdı.

- Xatırlamıram, o, kimdir ki?

- İkinci korpusun komandiridir, kəndimizi darmadağın edib, əzizlərimizi öldürüb, bizləri əsir alan.

Bu sözləri deyən kəndin orta məktəbinin ədəbiyyat müəllimi Zahid idi.

Savalan kişi nəsə xatırlayıbmış kimi dedi:

- Deyəsən, o, polisdə işləyirdi.

Yenidən Zahid müəllim düzəliş verdi:

- Hə, Xankəndi dövlət avtomobil müfəttişliyinin polis nəfəri idi. İdmançıdır, deyəsən cüdodur, nədir onunla məşğul olurmuş.

- Necə-necə, idmançıdır? - Talıbın təəccüb dolu səsi eşidildi.

Erməni komandirinin tərcümeyi-halı barədə məlumatlı olan Zahid müəllim dilləndi:

- Hə, idmançıdır.

Talıb qaşlarını çatıb əsəbi formada:

- Ay yaramaz, Saşa, - deyə dişlərini qıcıb əlini bir-birinə vurdu.

Zahid müəllim onun əsəbi hərəkətindən bir şey anlamadığından sual etdi:

- Talıb, nə olub, onu tanıyırsan?

- Hə, dəfələrlə cüdo yarışlarında üz-üzə gəlmişik. Hər dəfə də ipponla onun dizlərini yerə vurmuşam.

Savalan kişi indi hər şeyi başa düşdü. Sarı təpədə erməni əsgərlərinin cəhənnəm məhkəməsi qurub, işgəncə ilə əsirləri döyüb sonrada qətlə yetirəndə niyə Talıba toxunmadılar. Halbuki, Xocavənd Qaz idarəsində işləyən Valod Talıbın üstünə avtomatı çəkib onu öldürmək istəmişdi. Ancaq Samvel - onunla Xankəndində rinqdə haqq-hesab çəkmək andım var - deməklə Valoda mane olmuşdu. O zaman Talıb özündə olmadığından baş verənləri tam dərk etməmişdi…

(Ardı var)

İlham Əliyev,

Yazıçı - publisist