Yerevandakı "Ajapnyak" metro stansiyasının 2026-2031-ci illərdə tikintisi planlaşdırılır

Yerevan Metropoliteninin genişləndirilməsi layihəsi planlaşdırma mərhələsindən icra mərhələsinə keçir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yerevan Şəhər Meriyasında keçirilən görüşdə 98 milyard dram dəyərində qiymətləndirilən yeni Ajapnyak stansiyasının tikintisi üçün strateji plan təqdim edilib. Elan edilmiş cədvələ əsasən, 2021-ci ildən 2025-ci ilə qədər davam edən layihələndirmə işləri tam başa çatıb və faktiki tikinti-quraşdırma mərhələsi 2026-2031-ci illər üçün planlaşdırılıb.

Layihənin əsas xüsusiyyəti onun maliyyələşdirilməsi olacaq: bu mərhələdə Ermənistan hakimiyyəti beynəlxalq tərəfdaşlardan kredit götürmədən xərcləri dövlət büdcəsindən ödəmək niyyətindədir. Layihənin miqyası və mürəkkəbliyi, eləcə də məhdud yerli texniki resurslar nəzərə alınmaqla, idarəetmə və nəzarət üçün beynəlxalq FIDIC standartlarına uyğun fəaliyyət göstərən xarici şirkətlər cəlb olunacaq.

Prosesə başlamaq üçün hökumət satınalma və texniki nəzarəti tənzimləyən xüsusi fərman hazırlayır. Həmçinin ərazinin torpaqların alınmasına başlamaq üçün prioritet ictimai maraq zonası kimi tanınması barədə qərar qəbul edilməsi gözlənilir.

Yerevan meri Tiqran Avinyan bürokratik prosedurların sürətləndirilməsini tələb etdi və sənədlərin son paketinin bu ayın sonuna qədər hazır olacağına dair zəmanət aldı

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə