Rusiya neft və qazdan getdikcə daha çox gəlir itirir...

Super mənfəət dövrünün sonu...

...Rusiya artıq neft və qazdan super mənfəət dövrünün bitdiyini etiraf etmək məcburiyyətindədir.

Rusiya lideri Putin Ukraynaya qarşı müharibəni bitirmək istəməməsi ilə Rusiya iqtisadiyyatını məhv etməyə davam edir.

SİA xəbər verir ki, bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Telegram-da məlumat verib.

Mərkəz qeyd edib ki, Rusiya Maliyyə Nazirliyi həm orta, həm də uzunmüddətli perspektivdə neft və qaz gəlirlərinin azalacağını etiraf edib.

Xüsusilə, 2026-cı ildə büdcədə neft və qaz gəlirlərinin payı 2022-ci ildən əvvəlki 50 faizdən çoxdan 23 faizə düşəcək. Bəyanatda deyilir ki, “...rəsmi olaraq, bu, Ukraynaya qarşı müharibə mövzusundan yayınaraq aşağı qiymətli karbohidrogen ehtiyatlarının tükənməsi ilə əlaqələndirilir. Lakin neft və qaz gəlirlərinə ən çox zərbə vuran müharibə və sanksiyalar olub”.

2025-ci ildə Rusiya neft və qazı satmaq üçün onu gəlirlilik həddində, hətta zərərlə ticarət etməyə məcbur olub. Ukraynaya qarşı müharibə səbəbindən Qərb bazarları itirilib, buna görə də Rusiya Hindistana və Çinə neft satmaq məcburiyyətində qalıb.

Və bu iki ölkə onu 50 faiz və ya daha çox endirim olmadan almaqdan imtina edir.

Siyasi Araşdırmalar Mərkəzinin yekununda deyilir: “Kreml Ukraynaya qarşı müharibəyə son qoymaq istəməməklə, son illərdə Rusiya Federasiyasının iqtisadi təməlini öz əlləri ilə dağıdır”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə