"Papa II İoann Pavelə silahlı hücumu ASALA terror qruplaşması sifariş verib"
İtaliyalı Ezio Qavazzeninin müəllifi olduğu “Papa ölməlidir” adlı kitabda türk Mehmet Ali Ağcanın 1981-ci il mayın 13-də Papa II İoann Paveli ASALA terror qruplaşmasının tapşırığı ilə güllələyərək ağır yaraladığı iddia edilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın “Blitz Quotidiano” saytının dərc etdiyi materialda 80-ci illərə damğa vuran bu silahlı hücumun təfərrüatlarından bəhs olunur. Bildirilir ki, Ezio Qavazzeni ört-basdır edilmiş, gizlədilmiş tarixi həqiqətin izinə düşərək kitab yazıb. O, Polşa əsilli papaya qarşı sui-qəsd cəhdinin arxasında erməni terrorunun dayandığını sənədlərlə sübut edib. Mehmet Ali Ağcanın silahlı hücumdan əvvəl İstanbuldakı “Opera” kafesində ASALA qruplaşmasının erməni terrorçuları ilə görüşdüyü bildirilir.
“Mən məxfi xidmətlərdə, Vatikanda və daha bir çox yerdə 400 sənədi araşdırmışam”, - deyə Qavazzeni həftəlik “Gente” jurnalında müsahibəsində qeyd edib.
Qavazzeninin sözlərinə görə, Mehmet Ali Ağca ASALA-nın tapşırığı ilə bu sui-qəsd addımını atıb. Müəllif iddia edir ki, ASALA qruplaşması, həmçinin 1983-cü ildə vatikanlı məktəbli Emanuela Orlandinin oğurlanmasına görə də məsuliyyət daşıyır.
Yazıda erməni gizli ordusunun abreviaturu olan ASALA (Armenian Secret Army for the Liberation of Armenia - Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu) terror qruplaşmasının haqqında məlumatlara yer verilir. Bildirilir ki, 1975-ci ildə qurulan ASALA 1988-ci ilə qədər marksist-leninist partizan təşkilatı olub. Dünyada 30-dan çox türk diplomatını öldürülməsində və bir çoxunun yaralanmasında iştirak edən ASALA 1980-ci illərdə ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb.
Xatırladaq ki, Mehmet Ali Ağca 1981-ci il mayın 13-də Müqəddəs Pyotr meydanında odlu silahdan atəş açaraq Papa II İoann Paveli əlindən və qarnından yaralayıb. “Gemelli” xəstəxanasında 5 saatdan çox davam edən Papanın əməliyyatı uğurlu keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə