İtaliya, Sloveniya və Xorvatiya qanunsuz miqrasiya ilə mübarizədə səylərini gücləndirir

İtaliya, Sloveniya və Xorvatiya qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə səylərini gücləndirəcək. SİA xəbər verir ki, bu barədə Sloveniyanın Nova Qoritsa şəhərində üç ölkənin daxili işlər nazirlərinin görüşündə qərar qəbul olunub. Görüşdə ölkələrin qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığının daha da gücləndirilməsi və sərhəddə birgə patrulların təşkili qərara alınıb.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi deyib ki, üçtərəfli format həm Avropa səviyyəsində, həm də Balkan regionunda ümumi strategiyanı irəli sürməyə imkan verən birləşdirilmiş təşəbbüs və əməkdaşlıq modelidir. Birgə patrulların təşkili Balkan marşrutu boyunca insan alverçiləri və qeyri-qanuni miqrasiya ilə mübarizədə transsərhəd əməkdaşlığını gücləndirəcək.

Avropa Sərhədlərinin Mühafizəsi Agentliyinin (“Frontex”) məlumatına görə, son dövrlərdə Balkan marşrutu üzrə sərhədlərdə qanunsuz girişlər və miqrant axınları əhəmiyyətli dərəcədə azalıb. Buna region ölkələrinin sərhədlərində nəzarəti müvəqqəti bərpası öz təsirini göstərib.

2023-cü ilin oktyabrından bu il yanvarın 15-dək İtaliyanın Sloveniya ilə sərhədində 318 nəfər həbs edilib. Onlardan 160-ı qeyri-qanuni miqrasiyaya köməklik göstərənlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə