Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban arasında Budapeştin təşəbbüsü ilə baş tutan telefon danışığı olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb və onun diplomatik yolla həlli imkanlarını müzakirə ediblər. Ölkələr arasında enerji və ticarət-iqtisadi əməkdaşlıq sahəsində qarşılıqlı faydalı layihələr mövzusuna da toxunulub.
Viktor Orban böhranın siyasi və diplomatik (Ukraynada— Kommersant ) həlli yollarının, o cümlədən bir sıra Qərb liderləri ilə təmaslarını nəzərə alaraq birgə axtarışa kömək etməkdə maraqlı olduğunu bildirib.
Məlumata görə, Viktor Orban və Vladimir Putin Suriyadakı son hadisələr kontekstində Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, iyul ayında Viktor Orban “sülhə nail olmaq” missiyası çərçivəsində Kiyevə gəlib, burada Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Daha sonra isə Vladimir Putinlə görüşmək üçün Moskvaya elan olunmamış səfər edib. Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti onun Rusiyaya səfərini pisləyib.
Seyranə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə