...İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi səhhətinə görə həbsdən müvəqqəti azad edilib.
SİA-nın məlumatına görə, bunu onun vəkili Mustafa Nili X-ə bildirib.
...Məhkəmə-tibb ekspertinin rəyinə əsasən, Tehran prokurorluğu xanım Nərgiz Məhəmmədi barəsində hökmün icrasını üç həftə müddətinə dayandırıb və o, həbsdən azad edilib. Buna səbəb onun 21 gün əvvəl şişin götürülməsindən sonrakı fiziki vəziyyəti və 21 gün əvvəl aparılan sümük əməliyyatıdır, – deyə vəkil yazıb. O qeyd edib ki, xoşbəxtlikdən çıxarılan şiş xoşxassəli olub, lakin hər üç aydan bir müayinə olunmalıdır.
Tibb ekspertlərinin sözlərinə görə, son səkkiz aydır ki, Məhəmmədi disk yırtığından yaranan kəskin bel ağrılarından əziyyət çəkirmiş.
Həmçinin bildirilib ki, 2024-cü il avqustun 6-da Evin həbsxanasının qadınlar bölməsində baş verən insident zamanı Məhəmmədi fiziki təzyiqə məruz qalıb.
O, huşunu itirib, döş qəfəsi və bədəninin digər nahiyələrindən xəsarətlər alıb.
İnsidentdən sonra Məhəmmədi ona fiziki zorakılıqdan şikayət etmək, habelə aldığı xəsarətlərin məhkəmə-tibbi ekspertizası üçün vəkili ilə görüşmək imkanı verilməsini istəyib.
Qeyd edək ki, Nərgiz Məhəmmədi İrandan olan siyasi və mülki fəaldır. O, İranda ölüm hökmünün, məcburi hicabın və qadınların hüquq eləcə də azadlıqlarının məhdudlaşdırılmasının əleyhinədir.
Onu da qeyd edək ki, Nərgiz 31 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçisi 2023-cü il üçün Nobel Sülh Mükafatını “İranda qadınların zülmü ilə mübarizə apardığına və hamı üçün insan hüquq və azadlığını təşviq etdiyinə görə” alıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə