"İdman ənənələrinin qorunması və davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir" - FOTO

"2025-ci il idman hadisələri baxımından zəngin və çoxşaxəli nailiyyətlərlə yadda qalmışdır. Dövlətin idmana və idmançılara göstərdiyi davamlı diqqət və qayğı bu sahədə əldə olunan uğurların əsas təməlini təşkil edir və bu dəstək hər zaman idman ictimaiyyəti tərəfindən aydın şəkildə hiss olunur". SİA xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov AŞF-nin 2025-ci il üzrə yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, formalaşmış idman ənənələrinin qorunub saxlanılması və ardıcıl şəkildə inkişaf etdirilməsi mühüm nailiyyət hesab olunur. Bu proses ciddi təşkilati səylər və davamlı strategiya tələb edir. Məhz bu baxımdan Azərbaycan şahmat ailəsi hər il yeni uğurlara imza atır, milli və beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir.

Mövcud inkişaf dinamikası göstərir ki, əldə edilən nailiyyətlər təsadüfi xarakter daşımır və qarşıdakı illərdə bu uğurların davamlı olması üçün möhkəm əsaslar formalaşdırılmışdır. Azərbaycan şahmatının gələcək perspektivləri sabit inkişaf və yeni idman zirvələrinin fəthi baxımından ümidverici görünür.
Tədbirin yekunu qarşılıqlı əməkdaşlığı və gələcək fəaliyyət istiqamətlərini özündə əks etdirən müvafiq sənədlərin imzalanması ilə başa çatmışdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə